Lahıc Azərbaycanın qədim dağ yaşayış məskənlərindən biri kimi yalnız memarlıq üslubu və sənətkarlıq ənənələri ilə deyil, həm də yüksək səviyyədə formalaşmış səhərsalma sistemi ilə seçilir. Bu sistemin ən mühüm və diqqətəlayiq komponentlərindən biri kanalizasiya (kürəbənd) şəbəkəsidir. Lahıcın kanalizasiya infrastrukturu orta əsr şəhər mühəndisliyinin nadir nümunələrindən biri olmaqla həm texniki, həm də sosial- gigiyenik əhəmiyyəti baxımından xüsusi elmi maraq doğurur.
Lahıcın coğrafi mövqeyi - dağlıq relyefdə, məhdud ərazidə və sıx tikililər şəraitində yerləşməsi – burada suyun idarə olunmasını həyati zərurətə çevirib. Bu şəraitdə formalaşan kanalizasiya sistemi yağış və məişət sularının səmərəli şəkildə kənarlaşdırılmasını təmin etməklə yanaşı, torpaq sürüşmələrinin, erroziyanın və tikililərin zədələnməsinin qarşısını alıb. Beləliklə, sistem yalnız sanitariya məqsədi daşımır, eyni zamanda şəhərin fiziki dayanıqlılığını qoruyan mühüm mühəndislik həlli kimi çıxış edir.
Lahıc kanalizasiya şəbəkəsi əsasən yeraltı daş kanallardan ibarətdir. Bu kanallar küçələrin altından keçərək vahid sistem halında birləşir və qəsəbədən kənara istiqamətləndirilir. Tikintidə istifadə olunan yonulmuş daş materiallar sistemin uzunömürlülüyünü təmin edir, əsrlər boyu onun fuksionallığını qoruyub saxnanılmasına imkan yaradır. Kanalizasiya xətləri təbii relyefin meyilliyinə uyğun şəkildə qurulub, beləliklə, suyun cazibə qüvvəsi ilə axın təmin edilir. Bu prinsip müasir mühəndislikdə “enerjisiz axın” sistemi kimi tanınır və davamlı şəhərsalmanın əsas elementlərindən biri hesab olunur.
Əsas məqamlardan biri də fərdi yaşayış evlərinin bu ümumi sistemə inteqrasiya olunmasıdır. Demək olar ki, hər bir evindaxili su axını bu yeraltı şəbəkəyə qoşulub ki, bu da mərkəzləşdirilmiş kanalizasiya sisteminin erkən forması kimi qiymətləndirilə bilər.
Lahıc kanalizasiya sistemi şəhər mədəniyyətinin və ictimai gigiyena anlayışının formalaşmasında mühüm rol oynayır. Orta əsrlərdə bir çox yaşayış məntəqələrində sanitariya şəraitinin zəif olduğu nəzərə alınarsa, Lahıcda bu cür inkişaf etmiş sistemin mövcudluğu əhalinin yüksək həyat tərzindən və təşkilatlanma səviyyəsindən xəbər verir. Kanalizasiya şəbəkəsi tullantı sularını vaxtında uzaqlaşdırılmasını təmin etməklə yoluxucu xəstəliklərin yayılma riskini azaldır, küçə və məhəllələrin çirklənməsinin qarşısını alır.
Qəsəbənin daş döşəməli küçələrinin altında yerləşən bu yeraltı sistem təxminən 0.8 metr eni və 1 metr hündürlüyə malik daş kanallardan ibarətdir. Bu ölçülər yalnız su axınını sərbəst hərəkətini deyil, eyni zamanda zərurət yarananda insanların daxil olmaq texniki baxış aparılmasını mümkün edir. Sistemin ümumi uzunluğunun 20 kilometrdən artıq olması, Lahıc kimi nisbətən kiçik əraziyə malik dağ qəsəbəsi üçün olduqca böyük mühəndislik göstəricisidir. Beləliklə, Lahıc kanalizasiya sistemi yalnız lokal həll deyil, bütöv şəhər miqyasında düşünülmüş, planlı və davamlı mühəndislik quruluşu kimi çıxış edir və maddi mədəni irsin ən qiymətli nümayəndələrindən biri hesab olunur. Bu baxımdan Lahıc nümunəsi həm tarixçilər, həm memarlar, həm də şəhərsalma mütəxəsisləri üçün qiymətli tədqiqat obyektidir.
Ağaməşədi Əliyev,
Lahıc DTMQ-nin elmi işçisi