Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmdə İshaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən açıq debatları çərçivəsində enerji və mayeləşdirilmiş təbii qaz sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Sherg.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şərif ilə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub. Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.
Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.