ABŞ və Avropa İttifaqı susur

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan QHT-ləri haqlı çağırış edir

Ermənistanın Rusiyaya dəstəyinin davam etdirilməsi Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir


  Azərbaycan Qeyri-Hökumət Təşkilatları ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb. Məktubda vurğulanıb ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistanın fəaliyyətindən ciddi narahatlığını ifadə edir. Qeyd olunub ki, Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qarşısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir. Bəyan edilib ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanmaqdadır: "2021-2023-cü illər ərzində Ermənistanın xarici ticarətində mal və coğrafi strukturunun kəskin dəyişməsi Qərb ölkələri tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalardan yayınması ilə əlaqədardır. 2021-ci ildə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2 faiz artaraq 2,6 milyard ABŞ dolları, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7 faiz artaraq 7,3 milyard ABŞ dolları səviyyəsinə çatıb. Rusiyanın baş nazirinin birinci müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkə arasında 2024-cü ildə xarici ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dollarına çatacağını bildirib. Bütövlükdə verilən proqnozun reallaşacağı təqdirdə, 2024-cü ildə Ermənistan ilə Rusiya arasında xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 8 dəfəyə qədər artacaq. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiyanın payı 27 faiz həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində Rusiyanın payı 40-44 faiz həddinə yüksəlib. Buna səbəb Ermənistanın sanksiyalardan yayınaraq bir sıra Avropa İttifaqı ölkələri, Ərəb Körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədilə mal və məhsulları idxal etməkdir. Bundan əlavə, 2022-ci illə müqayisədə 2023-cü ildə Ermənistandan Rusiya bazarlarına nüvə reaktorları, avadanlıq və mexaniki qurğuların ixracı 10 dəfə, ixrac edilən optik, fotoqrafiya, kinematoqrafiya və tibbi cərrahiyyə alətləri 5 dəfə, təyyarə, kosmik gəmi və onun hissələrinin ixracı 2 dəfə, gəmilər, qayıqlar və üzən konstruksiyaların ixracı 18 dəfə, musiqi alətlərinin ixracı 38 dəfə, bütün növ saatların ixracı 28 dəfə, incəsənət əşyaları və kolleksiya əşyaları 19 dəfə artıb. Qeyd olunan malların heç biri Ermənistan ərazisində istehsal edilməməsi ilə birgə bu məhsulların əksəriyyətinin 2022-ci ilə qədər Rusiya Federasiyasına ixracı mövcud olmayıb". 
  Məktubda vurğulanıb ki, Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, bir sıra Avropa İttifaqı ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir: "2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Avropa İttifaqı arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir. Avropa İttifaqının Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin mart ayında qəbul edildikdən sonra vaxtaşırı yenilənir və uzadılır. Avropa İttifaqı Şurası 28 noyabr 2022-ci il tarixində yekdilliklə Avropa İttifaqının fəaliyyətinə dair Müqavilədə (“TFEU”) istinad edilən “Aİ cinayətləri” siyahısına “Aİ sanksiyalarının pozulması”nı da əlavə edən qərar qəbul edib. Rusiyanı Qərb iqtisadiyyatlarından təcrid edən sanksiyalarından olan Avropa İttifaqının 23 iyun 2023-cü il tarixində qəbul edilmiş 11-ci sanksiyalar paketinin elementlərindən biri və yayınma ilə mübarizənin xüsusi vasitəsi olan idxal-ixrac əməliyyatlarına nəzarət və məhdudiyyətlərdir. Sözügedən sanksiyalar paketinə əlavə edilmiş Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyənlərə dair siyahıda Ermənistanda qeydiyyatdan keçmiş hüquqi şəxs barədə məlumatlar da əks olunub. Bundan əlavə, “CAASTA”, 2 avqust 2017-ci il tarixdə qüvvəyə minmiş ABŞ federal qanunu, Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı, Rusiya Federasiyasına, terrorizmə və qeyri-qanuni maliyyələşdirməyə qarşı mübarizə üçün sanksiyaları müəyyən edir".
  Azərbaycan QHT-ləri sülh, sabitlik və beynəlxalq hüququn aliliyi tərəfdarları kimi bizə sanksiya tətbiq edən ABŞ və Avropa İttifaqını aşağıdakı addımları atmağa çağırıb: "Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın! Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik. Sanksiyaların icrası təmin edilsin! Biz Qərb hökumətlərini mövcud sanksiyaların daha sərt icra edilməsinə və sanksiyalardan yayınmağa kömək edən hər hansı bir dövlətə, o cümlədən Ermənistana məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə çağırırıq. Ermənistana diplomatik təzyiq gücləndirilsin! Biz Qərb ölkələrinin Ermənistanı Rusiyaya dəstəyi dayandırmağa çağıran birbaşa diplomatik səylərini artırmalarını, Ermənistana beynəlxalq hüquq qarşısında olan öhdəliklərini və sülh içində birgəyaşayış prinsiplərinə əməl etməli olduğunu xatırlatmağı tövsiyə edirik. Ermənistanın Rusiyaya dəstəyinin davam etdirilməsi Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir. Biz inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın bu istiqamətdəki fəaliyyətini dayandırmaq və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyini gücləndirmək üçün vacibdir. Ümid edirik ki, narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynadakı münaqişəni daha da dərinləşdirməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcəksiniz. Biz sizə üz tutaraq təcili çağırış edirik: Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın şərait yaratmasına imkan verməyi dayandırın!". 
  Müraciətə imza atan sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna arasında müharibə başladığı vaxtdan bugünədək Ermənistan sanskiya altında olan məhsulların Rusiyaya daşınması ilə məşğuldur. Ekspertin sözlərinə görə, Qərbin Rusiyaya idxalına qadağa qoyduğu məhsullar Ermənistan şirkətləri xarici müəssisələrdən alaraq öz ərazisinə gətirir və oradan başqa adlar altında Rusiyaya ixrac edirlər: 

"Xüsusilə Rusiyanın hərbi sənayesi üçün lazımlı olan məhsullar daşınır. Əks halda bu gün Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahların bir çoxları bu komponentlərdən olmadan mövcud ola bilməzdi. Ümumiyyətlə, istehsal oluna bilməzdi. Ermənistan bu sahədə Rusiyaya xüsusi xidmət göstərir. Buna "ayı xidməti" də deyirlər. Bunu Qərb də bilir. Amma çox təəssüflər olsun ki, Qərb Ermənistana qarşı bununla bağlı heç bir irad bildirməyib. Düzdür, Almaniya və Fransa rəhbərliyi səviyyəsində müəyyən çağırışlar oldu. Ancaq bundan o tərəfə keçmədi. Təsəvvür edin, bunu Azərbaycan etmiş olsaydı, Qərb ölkələri Bakıya qarşı hansı addımları atardılar?! Sizi inandırım ki, Rusiyaya tətbiq etdikləri sanksiyaları Azərbaycana da tətbiq edərdilər. Nədən bunu Ermənistana münasibətdə etmirlər? Əslində, bəlli məsələdir. Bu, Qərbin ikiüzlü, ikili standartlara söykənən siyasətinin nəticəsidir. Qərb elə bu minvalla 30 il Qarabağ torpaqlarının işğaldan azad olunması istiqamətində heç bir real addım atmayıb. 30 il açıq və örtülü şəkildə işğalçı Ermənistanı dəstəklədi. Nəticədə Azərbaycan Ordusu öz gücü ilə torpaqlarını düşmən işğalından azad etdi. Azərbaycana bununla bağlı basqılar hələ də davam edir. Ermənistan isə Rusiyaya Qərbin sanksiya tətbiq etdiyi məhsulları uzun zamandır daşıyır". 
  F.Yusifov vurğulayıb ki, keçən ilin aprel ayında MDB dövlət başçılarının görüşündə Ermənistanın baş naziri bəyanat verdi ki, birinci rübün nəticələrinə görə, Ermənistan iqtisadiyyatı 12 faizdən çox artıb: "Bu, hamını şoka salmışdı. Hətta Putin soruşdu ki, "siz bu sürətlə hara gedirsiz?". Təbii ki, bu, ironik sual idi. Əslində, Putin də yaxşı bilirdi ki, Ermənistan iqtisadiyyatı nəyin hesabına belə sürətlə artıb. Mən şəxsən Ermənistanın dövlət statistika komitəsinin saytına daxil olaraq, bu məlumatları təhlil etdim. Bəlli oldu ki, Ermənistanda iqtisadiyyatın heç bir sahəsində real artım yoxdur. Sadəcə bir sahədə - xarici ticarət dövriyyəsində artım var. Bu da Rusiya-Ukrayna müharibəsi dövründə kosmik sürətlə artmağa başlayıb".