Millət vəkili: “Dövlət başçısının müəyyənləşdirdiyi hər bir vəzifə parlamentin fəaliyyətinin yol xəritəsi olacaqdır”
Müstəqil siyasət yürüdən Azərbaycan beynəlxalq və regional təzyiqlərə baxmayaraq, demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub saxlaya bilib. Azərbaycan xalqının birliyi, iradəsi, Azərbaycan ordusunun gücü hesabına 30 il işğal altına olan torpaqlarımız azad edilib. 44 günlük Vətən müharibəsində dünyada misli görünməmiş müasir hərbi taktika ilə uzun illər ərzində Qarabağda kök salmış separatizmin kökü kəsildi, terrorizmə son qoyuldu. Ən nəhayət, bir günlük antiterror tədbiri nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyü təmin edilib. Bu zəfər təkcə işğalçı dövlət olan Ermənistan üzərində qələbə deyildi, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın əyilməz ruhunun bütün dünyaya nümayişi idi. Bütün hücumları dəf etməyimizə baxmayaraq, bizə qarşı ən təhlükəli həmlələrin ideoloji təhlükəsizlik sahəsində olduğunu da görməmiş deyilik. Bütün cəbhələrdə olduğu kimi, ideoloji təhlükəsizlik cəbhəsində də mövqeləri möhkəmləndirmək və hücumları dəf etmək üçün xalq və dövlət birliyinin vacibliyi əsas cari hədəflərimizdən biridir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin VII çağırış parlamentin ilk iclasında məhz bu mövzuya toxunması da təsadüfi deyildi. Çıxışında olduqca mühüm mesajlar səsləndirib, ölkəmizin strateji hədəflərindən, qarşıda duran prioritet istiqamətlərdən bəhs edib: “İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Onlar bizə dost ola bilməzlər. Zamanında həmin məkrli qüvvələr Azərbaycan dövlətini və xalqını daim təsir və təzyiq altında saxlamaq üçün keçmiş Qarabağ münaqişəsi başda olmaqla bütün mövzulardan istifadə etməyə cəhd göstərirdilər. Eyni zamanda da bu təhlükəli proseslərə daha çox siyasi partiyaları, QHT-ləri və media qurumlarını alət etməyə cəhd göstərirdilər”.
Azərbaycana qarşı edilən ideoloji təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımi cavab verildiyini xatırladan ölkə başçısı qeyd edib ki, bu xüsuda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bugünkü gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır: “Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olsun, həm də Vətənə bağlı olsun. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.
Milli Məclisin deputatı Azər Badamov ölkə başçısının deputatlar qarşısında çıxışında ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xüsusi diqqət yetirməsinin son dərəcə əhəmiyyətli mesaj olduğunu vurğulayıb:
“Gənc nəslin milli ruhda böyüməsi qarşımızda dayanan əsas vəzifələrimizdən biridir. Cənab Prezident İlham Əliyevin parlamentdə etdiyi çıxışda bu məsələni xüsusilə vurğulaması gənclərimizə diqqət ayırmağımızın nə qədər vacib olduğunun göstəricisidir. Gənclərimiz İkinci Qarabağ müharibəsində və antiterror tədbirləri zamanı əsl qəhrəmanlıq nümayiş etdiriblər. Şəhidlik zirvəsinə yüksələn gənclərimizə Allah rəhmət eləsin, sağlamlıqlarını itirmiş gənclərimizə öz sağlamlıqlarına qovuşmasını arzulayırıq. Torpaqlarımızın 30 illik işğaldan azad olunmasının və qələbənin qazanılmasının arxasında Ali Baş Komandanın əmrini hər şeydən yuxarı tutaraq silaha sarılan və milli ruhda tərbiyə olunmuş gənclər dayanır. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş gənclərin əksəriyyəti torpaqlarımızın işğalı zamanı heç dünyaya gəlməmişdilər. Amma yeni doğulan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması iradəli sağlam gənc nəslin böyüməsinə yol açdı. Əgər öz sinəsini düşmən gülləsinin qabağına verərək vətən torpağını öz canından əziz tutan gənclərimiz olmasaydı, biz heç vaxt qələbəni qazana bilməzdik”.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında aparılan gənclər siyasəti sayəsində məhz belə qəhrəman gənclərimiz böyüdü: “Azərbaycan gənci bu gün qürurludur və başını dik tutaraq gəzir. Amma bununla arxayınılaşmamalı və gənclərlə davamlı şəkildə iş aparılmalıdır. Gənclərimizin milli ruhda tərbiyəsi əsasən ailə və məktəbdən başlayır. Ona görə də çalışmalıyıq ki, hər bir gəncimiz sağlam mühitdə böyüsün, tərbiyə alsın və vətənə bağlı olsun. Gənclərimiz yaxşı təhsil almalı və müasir biliklərə yiyələnməlidir. Çünki gənclərimiz Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Bugünkü gənc sabahın əsgəri, mütəxəssisi, siyasətçisi, rəhbər vəzifələrinin icraçısı olur. Sağlam milli ruhda tərbiyə olunan gənclər yad təsirlərdən qorunur və vətənə bağlı böyüyürlər. Bu baxımdan gənclərimizə daima diqqətin ayrılması vacib məsələdir. Dövlət başçımız deputatlara da öz seçiciləri ilə görüşləri zamanı bu məsələni diqqətdə saxlamağı tövsiyə etdi. Təbii ki, dövlət başçısının müəyyənləşdirdiyi hər bir vəzifə parlamentin fəaliyyətinin yol xəritəsi olacaqdır”.