Partiyada yeni qurumlar yaranacaq, cəmiyyətdə əsas diskussiya mərkəzlərindən birinə çevriləcək
"REAL Partiyası Siyasi Komitəsinin yekdil qərarı ilə partiyanın sədri vəzifəsinə seçildim – bu gündən sədr kimi fəaliyyətə başlayıram. Siyasi Komitənin üzvlərinə göstərdikləri böyük ehtimad üçün minnətdaram". Bunu REAL-ın yeni sədri Natiq Cəfərli deyib. Partiya rəhbəri bildirib ki, bundan əlavə REAL Partiyası üzvlərindən ibarət “facebook” qrupunda da sədrlik mövzusunda sorğu keçirilib: "İştirak edənlərin əksəriyyəti mənim adımı qeyd etdilər. REAL Partiyasının ölkənin siyasi səhnəsində özəl yeri, dəsti-xətti var, səhvlərimizlə də, düzgün qərarlarımızla da doğru saydığımız yolla irəliləmişik. REAL peşəkar və savadlı insanlar tərəfindən kollektiv idarə olunur. Siyasi Komitə əsas qərarverici orqandır, orada toplaşan insanların biliyi, bacarığı Partiyanın idarə edilməsində bundan sonra da mühüm rol oynayacaq". N.Cəfərli vurğulayıb ki, REAL Partiyasında ana xətt, seçkilərə köklənmiş partiya xətti davam edəcək: "Amma bəzi dəyişikliklər də olacaq. Məsələn, partiyada yeni qurumlar yaranacaq, cəmiyyətdə əsas diskussiya mərkəzlərindən birinə çevriləcək. REAL-ın bir çox yeni layihələri yeni ildən start götürəcək, vətəndaş cəmiyyəti ilə daha aktiv işləyəcəyik. Partiya parlamentdə təmsil olunur deyə, cəmiyyətin müxtəlif maraq qruplarının təkliflərini qanun layihəsi formatına salaraq Milli Məclisə təqdim edəcəyik. Bunun üçün hamınızı əməkdaşlığa, iştirakçılığa dəvət edirik. REAL Partiyası özü də iqtisadi və sosial problemlərin həllinə yönəlik yeni qanun layihələri təşəbbüsləri ilə çıxış edəcək. Cəmiyyətin müxtəlif maraq qruplarını əməkdaşlığa, mövzular ətrafında müzakirələrə dəvət edirik. Bu illər ərzində səhvlərimiz olub. İş olan yerdə səhvlər də olur. Əsas odur ki, doğru nəticələr çıxarıb hədəfə doğru irəliləyəcəyik".