Ağdam Sənaye Parkında yüzə yaxın şəxs işlə təmin edilib

İşğaldan azad edilən Ağdam şəhərində fəaliyyətə başlayan sənaye parkındakı müəssisələrdə Ağdamdan olan məcburi köçkünlər və Ağdamın ətraf kəndlərindən olan sakinlər əmək fəaliyyətinə cəlb ediliblər.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam Sənaye Parkında yüzə yaxın şəxs işlə təmin edilib.
Müəssisələrin ixtisaslı kadrlarla təmin olunması üçün də müəyyən addımlar atılıb. Belə ki, məşğulluq xidməti 55 nəfər üçün peşə kursları təşkil edib.
Media nümayəndələrinə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsində böyük rola malikdir. Müəssisələrin fəaliyyəti təkcə Ağdamın yox, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rol oynayır. Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq etdiyi də jurnalistlərin diqqətinə çatdırılıb. Bu əməkdaşlıq çərçivəsində Dövlət Məşğulluq Agentliyinə müraciət edən işaxtaranlardan yüzə yaxın şəxs həmin müəssisələrdə işlə təmin olunub. Burada əsas diqqət Ağdamın ətraf ərazilərdə daimi yaşayan və işğal zamanı məcburi köçkün düşən şəxslərə verilir.
Qeyd edilib ki, Agentliyə müraciət edən həmin şəxslərdən hazırda 55 nəfəri sənaye müəssisələri ilə ortaq şəkildə təşkil edilən peşə kurslarına cəlb edilib.
Media nümayəndələri müəssisələrdə məşğulluğu təmin edilmiş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə təşkil edilən peşə kursları ilə əyani tanış olublar.