Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyinin, Milliyyətçi Hərəkat Partiyasının nəzdində fəaliyyət göstərən Əhməd Cavad İnstitutunun və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankara Ticarət Palatasının Konqresium binasında möhtəşəm konsert proqramı təşkil olunub.
"Sherg.az"ın xəbərinə görə, üç minə yaxın qonağın olduğu tədbirdə Türkiyənin milli müdafiə, təhsil və səhiyyə nazirləri, çox sayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Türk Silahlı Qüvvələrinin rəhbər heyəti, ziyalılar və digər rəsmi şəxslər iştirak ediblər.
Proqram Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb.
Azərbaycan - Türkiyə qardaşlığını, qürurverici zəfəri tərənnüm edən qısametrajlı film nümayişinin ardından Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərin həm Azərbaycan-Türkiyı münasibətlərində, həm də Türk dünyasının birliyinin güclənməsindəki rolundan danışıb.
Səfir Vətən müharibəsi dövründə Türkiyənin, Türkiyə Prezidenti və digər dövlət rəsmilərinin Azərbaycanın haqq savaşına verdiyi siyasi və mənəvi dəstəyin ikitərəfli münasibətlərin güclənməsinə verdiyi töhfəni vurğulayıb. Milliyyətçi Hərəkat Partiyasına tədbirin keçirilməsi üçün irəli sürdüyü təşəbbüsünə görə təşəkkürünü bildirən səfir, MHP və onun sədrinin türk dünyası ilə ilə bağlı həssasiyyətini xüsusi qeyd edib.
TÜRKSOY-un Baş katibi Sultan Rayev açılış çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin Türk dünyasının hər bir guşəsində əks-səda verdiyini, ortaq zəfər kimi qeyd olunduğunu bildirib.