“28 May təkcə tarix deyil, milli oyanışın simvoludur” - Hikmət Babaoğlu

 “Azərbaycan qadın hüquqlarında Avropanı qabaqlayıb”

“28 May müstəqillik Günü Azərbaycan dövlətçilik tarixinin ən əlamətdar və qürurverici səhifələrindən biridir. Bu gün, xalqımızın azadlıq iradəsinin, milli oyanışının və dövlət qurmaq əzminin simvolu kimi yaddaşlara həkk olunub. Minilliklərə söykənən dövlətçilik ənənələrimizə əsasən ilk dəfə olaraq müsəlman Şərqində demokratik, hüquqi və parlament əsaslı respublika qurmağı bacardıq”. 

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir:

“Bu bacarıq 1918-ci il mayın 28-də bir daha özünü göstərdi. Xalqımızın siyasi təşkilatlanma iradəsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə təcəssüm olundu. AXC cəmi 23 ay yaşasa da, qısa zaman ərzində səpələdiyi azadlıq, dövlətçilik və milli kimlik toxumları bu gün də müstəqil Azərbaycanın siyasi və mənəvi sütunlarında yaşayır. AXC-nin həyata keçirdiyi ən mühüm islahatlardan biri qadınlara səsvermə hüququnun verilməsi oldu. Bu addım o dövr üçün son dərəcə mütərəqqi qərar olmaqla yanaşı, cəmiyyətin demokratik inkişafına və gender bərabərliyinə doğru atılmış mühüm mərhələ kimi tarixin yaddaşına həkk olundu”. 

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan qadın hüquqları müstəvisində Avropanı qabaqladı:

“Nəzərə almaq lazımdır ki, Avropada qadın hüquqlarına 1930-1940-cı illərdən sonra diqqət yetirilməyə başlanılıb. Xalqımızın milli mentalitetində qadın və kişilərin hüquqları əzəldən bərabər qəbul edilib. Başqa xalqların dillərində qadına xitab üçün ayrıca şəkilçilər, fərqləndirici ifadələr var. Türk dilinin incəliyi bundadır ki, qadını kişidən ayırmaq üçün ayrıca bir işarəyə ehtiyac duymur. Çünki türklər insana cinsinə görə deyil, onun varlığına, şəxsiyyətinə və insani dəyərinə görə hörmət göstərirlər. Başda Mehriban Əliyeva olmaqla, bu gün də Azərbaycanda qadınlar, mühüm vəzifələrdə təmsil olunurlar”.

Parlamentarinin fikrincə, Azərbaycan cəmiyyətində qadın heç vaxt kölgədə qalan obraz olmayıb:

“Hazırda qadınların müxtəlif sahələrdə əldə etdiyi uğurlar, əsrlərdən bəri formalaşmış sağlam ictimai münasibətlər mədəniyyətinin davamıdır. AXC tarix səhnəsində qısa ömür sürsə də, gələcək nəsillərə əsrlərlə davam edəcək dövlətçilik mirası bəxş etdi. Müstəqil Azərbaycan dövləti bu gün də Xalq Cümhuriyyətinin miras qoyduğu demokratik dəyərlərə və insan hüquqları prinsiplərinə böyük önəm verir və onları dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qoruyur”.