30 dəqiqəlik görüş: Zelenski Trampa təşəkkür edib

Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Fransanın paytaxtı Parisdə Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Sherg.az xəbər verir ki, Makron və Tramp Parisdəki Yelisey sarayında ikitərəfli görüş üçün bir araya gəlib və daha sonra Zelenski də bu görüşə qatılıb. Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyi üçtərəfli görüş təxminən 30 dəqiqə davam edib. Görüşdən sonra üç lider Notr-Dam Katedralının bərpa prosesindən sonra açılış mərasiminə qatılmaq üçün müxtəlif nəqliyyat vasitələri ilə Yelisey Sarayını tərk ediblər. Tramp və Zelenski maşınlarına minməzdən əvvəl əl sıxıblar.

Zelenski X hesabında verdiyi açıqlamada Yelisey sarayında Tramp və Makronla çox yaxşı və məhsuldar görüş keçirdiyini bildirib.

Trampın həmişə olduğu kimi qətiyyətli olduğunu deyən Zelenski buna görə Trampa təşəkkür edib.

Zelenski, "Biz hamımız bu müharibənin mümkün qədər tez və ədalətli şəkildə bitməsini istəyirik. Biz xalqımız, yerdəki vəziyyət və ədalətli sülh haqqında da danışdıq. Birlikdə işləməyə davam etmək və əlaqə saxlamağa razılaşdıq"- deyə bildirib.

X hesabında verdiyi açıqlamada Makron Fransa ilə ABŞ arasındakı dostluqdan qürur duyduğunu ifadə edərək, iki ölkənin öhdəsindən gəlməli olduğu bir çox problemlərin mövcudluğunu bildirib.
Notr-Dam Katedralının  ziyarətçilərə açılışına toxunan Makron, “ABŞ, Ukrayna və Fransa bu tarixi gündə bir yerdədir” deyərək  3 ölkənin sülh və təhlükəsizlik üçün çalışmalarını davam etdirəcəklərini qeyd edib.