Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi dəniz qüvvələri Yəmənin Əl-Hudeydə əyalətində husilərin obyektlərinə qarşı hərbi əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinə açıqlamasında bildirib.

Əl-Malikinin sözlərinə görə, əməliyyat zamanı husilərə məxsus hərbi obyektlər hədəfə alınıb.

Koalisiya nümayəndəsi bildirib ki, əməliyyat nəticəsində Qırmızı dənizin cənub hissəsində gəmiçilik marşrutlarına qarşı hazırlanmaqda olan hücumların qarşısı alınıb.

Əməliyyat zamanı silah anbarlarının, eləcə də partlayıcılarla təchiz edilmiş katerlərin və dəniz minalarının saxlanıldığı məntəqələrin məhv edildiyi bildirilir.

Əl-Maliki əməliyyatın Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi çərçivəsində həyata keçirildiyini qeyd edib.