“Biz tənbəllərdən ibarət gənclik yaradırıq” - Ekspert

  • “Sabah xəstə və zəif gənclərlə rastlaşacağıq”
  • “Onlar hər şeyi atalarından gözləyirlər”

Tələbəlik dövrü yalnız təhsil almaqla məhdudlaşmır. Bu mərhələdə gənclər həm peşəkar gələcəklərini formalaşdırmağa, həm də müstəqil həyata hazırlaşmağa çalışırlar. Təhsil haqqı, gündəlik xərclər, yol pulu və digər ehtiyaclar bir çox tələbəni işləməyə məcbur edir.

Bəziləri təhsillə yanaşı çalışaraq həm maddi ehtiyaclarını qarşılamağa, həm də iş təcrübəsi qazanmağa üstünlük verir. Lakin təhsil və iş yükünün paralel aparılması gənclərin qarşısında müəyyən çətinliklər yaradır. Bu prosesdə vaxtın düzgün bölüşdürülməsi, sağlamlığın qorunması və təhsilə ayrılan diqqətin azalmaması xüsusi əhəmiyyət daşıyır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, sosioloq Aydın Xan Əbilov tələbələrin iş fəaliyyəti ilə bağlı məsələni Sherg.az-a şərh edib:

"Tələbə deyəndə yadımıza gənclik düşür. Sözün həqiqi mənasında tələbəlik illəri 18-25 yaş dövrünə təsadüf edir. İnsan tələbəlik illərində həm oxumağa, karyera qurmağa, öyrənməyə, elmin, biliyin və peşəsinin müxtəlif sahələrini mənimsəməyə çalışır, həm də gələcək həyatını qurmağa meyilli olur.

Bu zaman insanın xüsusi enerjisi olur. Ümumiyyətlə 18 yaşa qədər çox sürətli böyümə, 18-dən 25 yaşa qədər isə tədricən inkişaf prosesi gedir. 25 yaşında artıq insanın həm fizioloji, həm psixoloji, həm mənəvi cəhətdən, həm də bir şəxsiyyət kimi formalaşması prosesi yekunlaşır.

Bu baxımdan tələbələrin həm oxuması, istər ali məktəblərdə, istər orta ixtisas və ya peşə məktəblərində təhsil alması, həm də işləməsi normal haldır. Sadəcə, tələbələrdən, gənclərimizdən tələb olunan odur ki, iş və təhsili eyni zaman çərçivəsində, hər birinə xüsusi önəm vermək şərti ilə, öz güclərini və imkanlarını səfərbər edərək, bir-birinə mane olmadan davam etdirsinlər".

Ekspert bildirib ki, gənclər gecə növbəsində ağır işlərlə məşğul ola bilməzlər:

"Tələbələr ağır işlərdə- tikintidə, kənd təsərrüfatında, sənayenin müxtəlif sahələrində çalışa bilməzlər. Çünki bunun üçün nə imkanları, nə zamanı, nə də lazımi peşə və bacarıqları var.

Amma hər hansı xüsusi peşə və ya ixtisas tələb etməyən işlər var. Məsələn, ticarət, supermarketlərdə işləmək, restoran və xidmət sahələri, otelçilikdə yüngül işlər və s. Bu sahələr elə də ağır fiziki güc və enerji tələb etməyən iş yerləri kimi xarakterizə olunur. Gənclərin də bu sahələrdə çalışması mümkündür.

Dünyanın hər yerində tələbələr və gənclər oxuduqları müddətdə, istər yuxarı siniflərdə, istərsə də ali məktəblərdə təhsil alarkən, eyni zamanda işləyirlər. Özlərinə, ailələrinə və təhsil xərclərinin qarşılanmasına kömək edirlər. Biz bunu müxtəlif filmlərdə də görürük. Həm Amerika, həm Avropa filmlərində həm də, müxtəlif həyat hekayələrində bu nümunələrlə rastlaşırıq".

Müsahibimizin fikrincə azərbaycanlə tələbələr də buna öyrəşməlidirlər: 

"Biz sadəcə öz gənclərimizi, xüsusən də tələbələrimizi- həm oğlan, həm də qız uşaqlarını fiziki cəhətdən çox zəif böyüdürük. Onların heç bir işə meyil göstərməsinə imkan vermirik. Onlar hər şeyi atalarından gözləyirlər. Ata onların məktəb və universitet xərclərini çəkir. Eyni zamanda, məktəb və universitetlə yanaşı, geyimdən tutmuş ali məktəbi bitirib attestat və ya diplom alana qədər bütün xərclərini qarşılayır.

Bu da ona gətirib çıxarır ki, biz tənbəllərdən ibarət gənclik yaradırıq. Bu gənclər də işləmək istəmir.

Amma digər tərəfdən, işləyən gənclər də var. Onları biz metroda, nəqliyyat vasitələrində görürük- yorğun, mürgüləyən vəziyyətdə. Onsuz da onların öz sağlamlıqlarında da problemlər var. Son nəticədə görürük ki, gənclər normal qidalanmırlar. Enerji içkiləri, siqaret və tez-bazar hazırlanan dönər, suşi kimi qidalarla günlərini keçirirlər. Əlbəttə, belə insanlarda enerji olmaz. Onlar nə normal oxuya, nə də normal işləyə bilərlər.

Bununla bağlı müəyyən məsələlərdə həm gənclərə dəstək olan dövlət, həm də ictimaiyyət öz gəncliyinin qədrini bilməlidir".

Mütəxəssis söyləyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yaşlanma prosesi gedir:

"Demoqrafik problemlər var, əhalinin artımında problemlər mövcuddur. Gənclərin sayı getdikcə azalır. Üstəlik, gənclər özləri, hətta universiteti bitirənlər belə, işləyə bilmirlər. İşsizlik də, demək olar ki, getdikcə çoxalmaqdadır. Gənclərin bütün bu problemləri ilə yanaşı, başqa çətinliklər də yaranır.

Həm işləyib, həm oxumaları, yaxud oxuya-oxuya işləmələri onların sağlamlığında da böyük problemlər yaradır. Onların cəmiyyətə və ölkəyə inamı sarsılır. Gənclərin böyük əksəriyyətindən soruşanda onların çoxu ölkədən gedib başqa yerdə yaşamaq istədiyini deyir.

Öz gələcəyini məhz Azərbaycanda deyil, burada qurmaqla deyil, xaricdə, xüsusən inkişaf etmiş Avropa ölkələrində və Amerikada görürlər. Ona görə də gənclərin daha aktual, ön planda olan problemlərinin bir qismini dövlət öz üzərinə götürməlidir.

Təhsillə bağlı Təhsil Fondu, Tələbə Fondu var. Bunlar müəyyən mənada kömək edirlər. Eyni zamanda, dövlət də, fondlar da, xeyriyyəçilər və valideynlərin özləri də çalışmalıdırlar ki, gənclərə müəyyən dərəcədə dəstək olsunlar".

Müsahibimiz vurğulayıb ki, bu problemin qarşısını almaq üçün, gənclərin işlədikləri yerlərin sahibləri də onları anlamalı və dəstəkləməlidirlər:

"Sovet dövründə də bu tipli hadisələrlə rastlaşırdıq. Amma o zaman axşam məktəbləri, qiyabi təhsil, axşam təhsili deyilən formatlar var idi. Onlar məhz işləyən gəncləri həm də dəstəkləmək üçün düşünülmüşdü.

İndi düzdür, Azərbaycanda qiyabi təhsil tədricən ləğv olunur. Qiyabidən çox, virtual təhsil və yaxud gənclərə bu istiqamətdə dəstək göstərilməsi ilə bağlı müəyyən proqramların həyata keçirildiyini görürük.

Amma istənilən halda yenə də biz gəncliyimizi xüsusilə dəstəkləməsək, sabah xəstə, zəif və heç bir şey bacarmayan, təhsildə uğur qazanmayan gənclərlə rastlaşacağıq. Bu da Azərbaycan cəmiyyəti üçün daha böyük yükə çevrilər, nəinki ölkəni irəli aparar".