İsrail müdafiə naziri İsrael Katz "Hizbullah"a xəbərdarlıq edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə İsrail hərbçiləri ilə görüşündə deyib.
Nazir bildirib ki, hərbçilər "Hizbullah" hərəkatı razılaşmanın şərtlərini pozsa və atəşkəsə əməl etməsə, qarşı tərəfə ciddi zərbə vuracaq: "Biz bu ilanı zəiflətmişik. Əgər "Hizbullah" Litani çayının o tayına çəkməyə və atəşkəsi pozmağa cəhd etsə, onun başını əzəcəyik".
Onun sözlərinə görə, İsrail "Hizbullah"a qoşunlarını Livanın cənubundakı kəndlərə qaytarmağa və burada hərbi obyektlərini yenidən yaratmağa icazə verməyəcək: "Hərbçilərimiz köçkünlərin İsrailin şimalındakı evlərinə qayıtması üçün sərhəd bölgəsində təhlükəsizliyin bərpasına zəmanət verir".
Qeyd edək ki, tərəflər arasında razılaşma noyabrın sonunda qüvvəyə minib. Razılığa görə İsrail ordusu Livan ərazisindən tədricən geri çəkiləcək, "Hizbullah" döyüşçülərinin İsrailin təhlükəsizliyinə təhdid yaratdığına qərar versə, onlara zərbə endirmək hüququnu özündə saxlayır.