Tramp Cənubi Qafqazda sülh istəyir

ABŞ-nin yeni Prezidenti Bayden, Makron və başqalarının “qaynar qazan” siyasətinin üstündən xətt çəkdi

"ABŞ Prezidenti Donald Trampın Novruz bayramı münasibətilə cənab Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu mahiyyətinə görə bayram təbriki çərçivəsini aşır". 
Bu barədə millət vəkili, tarixçi-alim, professor Musa Qasımlı deyib. Deputat bildirib ki, son illərdə ABŞ-dən belə səmimi və açıq məktub alınmayıb:

 "Bu məktub Tramp administrasiyasının Azərbaycan siyasətinin ana xəttini ifadə edir. Amerika Birləşmiş Ştatlarının rəhbəri ölkələrimizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu vurğulayır. Bu, qarşılıqlı münasibətlərin inkişafında vacib amildir. D.Trampın qarşıdan gələn illərdə hər iki liderin əldə edə biləcəyi möhtəşəm məqamları səbirsizliklə gözlədiyini yazması Azərbaycanla əməkdaşlığın dərinləşdiriləcəyindən xəbər verir. Məktubda Azərbaycan dövlətinin ABŞ-nin tərəfdaşı olan İsrail dövlətinə Azərbaycanın dəstəyinin və onunla dostluğunun yüksək dəyərləndirilməsi dövlətimizin dünya siyasətində artan roluna verilən qiymətdir. İsrail və Azərbaycanı, Azərbaycan və yəhudi xalqlarını sarsılmaz, sıx tellər bağlayır. Azərbaycanda heç bir vaxt antisemitizm olmayıb. İsrail bizim dostumuzdur".

Parlament üzvü qeyd edib ki, D.Trampın Azərbaycan və Ermənistanın sülh üçün atdıqları addımları dəstəkləməsi Bayden, Makron və başqalarının Cənubi Qafqazda yürütdükləri “qaynar qazan” siyasətinin üstündən xətt çəkməsidir: 

"Prezident D.Trampın cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlara doğru irəlilədiyini yazması ölkəmizdə yürüdülən siyasəti qəbul etdiyini, dövlət başçımızla birgə işləmək istədiyini vurğulaması isə bilavasitə cənab Prezidentimizin beynəlxalq nüfuzu ilə bağlıdır. D.Trampın ABŞ-nin ölkəmizin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığını yazması təkcə regionu qarışdırmaq istəyənlərə cavab deyil. Eyni zamanda yaxın illərdə dövlətlərimiz arasında mühüm sənədlərin imzalana biləcəyinin müjdəsidir".