Türk dövlətlərinin real ünsiyyət və hərəkət mərkəzi...
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib və çıxış edib. Dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib". Ölkə rəhbəri qeyd edib ki, Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib: "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir". Zirvə görüşündə Bəyannamə də imzalanıb. TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Tərəflər türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildiriblər. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayıblar. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb. Ekspertlərin fikrincə, Prezidentin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirməklə kifayətlənmir, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunu artırır. Dövlət başçısının Macarıstanın təşkilat daxilində müşahidəçi statusunu dəstəkləməsi Azərbaycanın yeni dövrün siyasi strukturlarında aktiv iştirakını və Türk dövlətlərinin birləşməsi istiqamətindəki niyyətini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Budapeştdə keçirilməsi Azərbaycan və Macarıstan iqtisadi, mədəni və siyasi əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, türk dövlətləri ilə Avropa arasında yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verəcək. Viktor Orbanın “Türk dövlətləri olmasaydı, macar xalqı enerjiyə daha çox pul ödəyərdi” açıqlaması bu baxımdan diqqət çəkir.
Zirvə görüşünü və Azərbaycan-Macarıstan əlaqələrini təhlil edən millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri praqmatik qərarlar silsiləsinin davamıdır. Deputat bildirib ki, çoxşaxəli və aktiv xarici siyasət kursumuzda Macarıstanla olan münasibətlər spesifikdir:
"Hökumətin xarici siyasət qərarlarının arxasında duran real motivləri üzə çıxarmaq çətin olsa da, Viktor Orban və Prezident İlham Əliyev arasında olan etimadı, səmimi və qarşılıqlı anlayışı sadəcə anlamaq deyil, sezməmək də mümkün deyil. Ümumi maraqlardan əlavə həm də bu şəxsi münasibətlər dövlətlərarası münasibətlərimizdə istinad nöqtəsi kimi ortaya çıxır. Məhz buna görədir ki, hər nə qədər Azərbaycanın böyük enerji sərf etdiyi COP29 tədbiri burulğana salınmaq istənilsə də, Macarıstan tədbirlərdə nəzərdə tutulan iştirakını konvensional qaydadan kənara qoydu və iştirakını ən üst səviyyəyə qaldıraraq Baş nazir səviyyəsinə qaldırdı".
Parlamentari qeyd edib ki, cənab Prezident İlham Əliyevin Macarıstana mövcud səfəri ondan xəbər verir ki, Azərbaycan-Macarıstan Strateji Dialoqu sadəcə sənədlər üzərində təsis edilməklə kifayətlənmir, münasibətlərimizin praktik addımlarla inkişaf trayektoriyası üzərində də aktiv iş aparılır:
"Macarıstan Avropa təsisatlarında "Azərbaycanın görən gözü, vuran biləyidir" desək, zənnimcə, yanılmarıq. Buna görədir ki, Avropa İttifaqı, Avropa Şurası kimi təsisatlarda maraqlarımızın müdafiəsi boş qalmır. Boşluğa imkan verilməməsi faktının özü də Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda da özünü doğruldur. 2024-cü ilin sonuna dair rəqəmlər iki ölkə arasındakı ticarət dövriyyəsinin 29 faiz artımından xəbər verir. Bu önəmli rəqəm Avropa bazarlarında daha sağlam və dinamik əsaslarla iştirakımızı həm şərtləndirir, həm də buna təkan verir. Macarıstanın təkcə enerji təhlükəsizliyinə baxışı deyil, həm də iqlim və enerji siyasətinin əsas prioritetləri də Azərbaycanla üst-üstə düşür. Belə ki, bu uyğunluq enerji təhlükəsizliyi, qalıq yanacaq istifadəsinin azaldılması və enerji qiymətlərinin münasib olması ilə bağlıdır. Macarıstan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın roluna hər zaman və bütün şərtlərdə xüsusi diqqətlə yanaşır. Macarıstan və Azərbaycan arasında olan müxtəlif səviyyələrdə kommunikasiya panelləri tamamilə eynilik təşkil edir. Həm ünsiyyət, həm də real hərəkətlər kimi paralel reallıqlar yaradır".
Millət vəkili Vüqar Bayramov da "Sherg.az"a bildirib ki, Azərbaycan və Macarıstan arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir:

"İki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanılıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,2 milyon dollar olmuşdusa, 2022-ci ildə 47.4 milyon dollar, 2023-cü ildə 48.4 milyon dollar və nəhayət 2024-cü ildə 62.3 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, son 4 ildə Azərbaycan ilə Macarıstan arasındakı ticarət dövriyyəsi 77 faiz artıb. Son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir".
V.Bayramov qeyd edib ki, ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır:
"Regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır".