"Ancaq Anayasa kürdlərin, AKP-nin və Milliyyətçi Hərəkat Partiyasının səsiylə referendumdan sonra dəyişdirilə bilər”
Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı?
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan əlavə edib ki, siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü konstitusiya ilə artıq gələcəyə doğru gedə bilməz. İndi dövlət çevrilişi edənlərin deyil, mülki şəxslərin irəli sürdüyü konstitusiya lazımdır. AKP olaraq bunun üzərində işləyirik. Məsələ ilə bağlı müəyyən tapşırıqlar da vermişik. İlk dörd maddədə heç bir problem yoxdur. Yəni AKP olaraq bizim də, digər siyasi partiyaların çoxunun da belə bir problemi yoxdur. Belə bir problem olmadığı üçün biz ancaq yol xəritəsini müəyyən edəcəyik. Eyni zamanda bildirmək istəyirəm ki, yeni konstitusiyanı özümüz deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik.
Türkiyəli siyasətçi və yazar Aydın Sezer Sherg.az-a bildirib ki, Türkiyədə Ərdoğan və AKP höküməti uzun müddətdir yeni konstitusiyanın yaradılması üçün fikirlər səsləndirirlər:

“Onlar mövcud Anayasa ilə ölkənin idarə edilmədiyini bildirərək gələcəkdə Türkiyənin sivil konstitusiyaya ehtiyacı olduğunu vurğulayırlar. AKP-nin və Ərdoğanın mövcud konstitusiya ilə bağlı mövqeyinə baxıldıqda həm Anayasanın, həm də Anayasa Məhkəməsinin aldığı qərarların pozulduğunu görürük. Yəni mövcud konstitusiyaya rəhbərliyin əməl etmədiyi bir çox məsələ var. Ona görə də müxalif partiyalar Ərdoğanı mövcud konstitusiyaya əməl etməyə çağırırlar. Burada əsas məsələ Ərdoğanın yeni Anayasanı həqiqətən Türkiyənin gələcəyi üçün istəyib-istəməyəcəyi sual altındadır. Dünən Ərdoğan jurnalistlərə verdiyi açıqlamasında gələcək dövrdə prezident olub-olmayacağının önəmli olmadığını bildirdi. Amma hər kəs bilir ki, Ərdoğanın yenidən prezident olması üçün ya konstitusiyanın dəyişdirilməsinə, ya da Türkiyə Böyük Millət Məclisinin erkən seçim qərarı almasına ehtiyac var. AKP-nin mövcud mandat sayısı çərçivəsində erkən seçimə gedə bilməsi mümkün deyil. Dolayısı ilə Ərdoğanın yeni dönəmdə prezidentlik üçün namizəd olmas məsələsi risklidir. Belə olan halda Türkiyədə müxalif partiyalar və xalqın əksəriyyəti Ərdoğanın yeni konstitusiyanı öz şəxsi siyasi gələcəyi üçün istədiyini düşünürlər. Eyni zamanda, Ərdoğanla yanaşı Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) sözçüsü Ayşegül Doğan da Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu vurğuladı. Buradan da başa düşülür ki, kürdlərlə Ərdoğan yeni konstitusiya məsələsində razılığa gəliblər. Ancaq Anayasa kürdlərin, AKP-nin və Milliyyətçi Hərəkat Partiyasının səsiylə referendumdan sonra dəyişdirilə bilər”.