Trampın hədəfi – vahid dünya, üç gücdürmü?

“The New York Times” qəzetinə görə, ABŞ Prezidenti Donald Trampın son bəyanat və hərəkətləri, ABŞ, Çin və Rusiyanın öz nüfuz dairələrini paylaşdığı bir dünya düzəni qurmaq istədiyini göstərir. Analizdə bu yanaşma “19-cu əsr imperiya modeli”nə dönüş kimi qiymətləndirilir.

Sherg.az xəbər verir ki, Trampın Qrenlandiyanı almaq, Kanadanı ilhaq etmək və Panama kanalında ABŞ nəzarətini bərpa etmək istəyi onun Qərb yarımkürəsində nüfuz sahəsi yaratmaq arzusunu göstərir. ABŞ-ın vitse-prezidenti və dövlət katibinin Karib və Latın Amerikasına səfərləri də bu strategiyanın tərkib hissəsi kimi göstərilir.

El Salvadorla əldə olunan razılaşmaya əsasən, ABŞ-dan deportasiya edilən miqrantlar burada həbs olunacaq – bu isə faktiki olaraq "Amerika cəza koloniyası" anlamına gəlir.

Trampın Rusiya siyasəti də diqqət çəkir: O, ABŞ-ın Krım üzərində Rusiya suverenliyini tanımasını və Ukraynanın şərqində işğalı qəbul etməsini təklif edib. Bu, Avropada və NATO-da ABŞ-ın öhdəliklərinə dair narahatlıq yaradıb.

Çinlə də “böyük bir razılaşma” istədiyini bildirən Tramp, Tayvan məsələsində konkret mövqe ortaya qoymayıb. Müdafiə rəsmilərindən Elbridge Colby Tayvanın ABŞ üçün "varoluşsal maraq" olmadığını deyib.