Rusiyanın başına gələnlər NATO-nun ilk kollektiv zərbəsidir - RƏYLƏR

Ukrayna dron hücumunu təkbaşına etməyib
40 təyyarənin vurulması müharibənin gedişatına təsir etməyəcək
Kiyev Moskvaya şok yaşadıb. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisində həyata keçirdiyi unikal dron əməliyyatı ilə strateji aviasiyaya ölümcül zərbə endirib. Yayılan məlumata görə, Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına sızaraq kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı - Tu-95 və Tu-22 M3 təyyarələri, eləcə də A-50 tipli erkən xəbərdarlıq (RLS) hava gəmisi sıradan çıxarılıb. Maraqlı və ən diqqətçəkən məqam dronların Ukrayna ərazisindən yox, birbaşa həmin bölgələrin içindən buraxılmasıdır. Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri, general Vasili Malyukun rəhbərliyi altında həyata keçirilib. Ukrayna Rusiyanın İrkutsk və Murmansk vilayətlərindəki strateji aviasiya aerodromlarına hücum edən pilotsuz uçuş aparatlarının fotolarını yayıb. "Pautina" adlı əməliyyatın il yarıma hazırlandığı, əvvəlcə FPV PUA-larının, sonra isə mobil taxta konteynerlərin Rusiyaya gətirildiyi bildirilib. Rusiyada dronlar konteynerlərə yerləşdirilib və lazımi anda konteynerlərin qapaqları məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb. Bu, Ukrayna kəşfiyyatının dərinlikdə işləmək qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir. Məlumata görə, dron daşıyan yük maşınlarından biri təyinat nöqtəsinə çatmamış partlayıb. Hücum nəticəsində Rusiyaya dəyən ümumi zərər 2 milyard dolları keçib. 
ABŞ-nin ehtiyatda olan generalları hücumun koordinasiyalı xarakterini tərifləyiblər. Amerikalı keçmiş komandanı Mark Hertlinq deyib ki, bəziləri Ukraynanın əlində kartının olmadığını iddia edirdilər. Amma cəbhə xəttindən 4500 kilometr məsafədə yerləşən Rusiya aviasiyasının böyük hissəsinin məhv edilməsi Ukraynanın əlində çoxlu kozırlarının olduğunu göstərdi. Admiral Ceyms Stavridis də Rusiya Prezidenti Vladimir Putini lağa qoyub: "Vladimir çox pis gün keçirir. Nə əkərsən, onu da biçərsən, Putin". Stavridis Ukraynanın hücumunu möhtəşəm adlandırıb: “Bu, bir növ Troya atıdır. Ölkəyə soxduqları bu taxta qutuların içindən döyüşçülər çıxır, bütün bu təyyarələri məhv edir. Bu, həqiqətən də heyrətamizdir”. ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Adam Kinzinger isə bildirib ki, rus bombardmançıların vurulması tamamilə qanunidir və müharibə şəraitində gözləniləndir: "Rusiyanın cavabı mülki şəxslərə qarşı olacaq və müharibə cinayəti sayılacaq. Rusiya Ukrayna və Suriyada xəstəxanaları bombalayır, o terror dövlətidir".
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Ukraynanın Rusiyanın aviabazalarına uğurlu “Hörümçək toru” əməliyyatının müharibə meydanında vəziyyəti dəyişdirə bilməsə də, diplomatik müstəvidə hadisələrin inkişafına təsiri istisna deyil. Ekspertə görə, hücumun hədəfləri də daha çox siyasi görünür: "Ukrayna “təslimçi sülhə” razı olmayacağını nümayiş etdirdi. Müharibənin başlanmasından üç il sonra ABŞ-nin əvvəlki dəstəyi olmasa belə, Rusiyaya qarşı döyüşə biləcəyini göstərdi. Trampa Putini geri çəkilməyə məcbur edə biləcəyi pasını ötürdü. Əməliyyatın İstanbul görüşündən öncə həyata keçirilməsi rəsmi Kiyevin masaya güclü şəkildə gəlməsini təmin edir. Hücumun masadakı danışıqlara effekti mümkündür. Rusiya tələblərinə korrektlər edə, ortaq mövqenin tapılmasına yanaşa bilər. Hərçənd, Kiyev də bunun zəif ehtimal olduğunu anlayır. Bu, mövcud şərtlərdə Kiyevə sərf edir. Lakin açıq qalan sual var. İstanbul danışıqlarında nəticə əldə olunmayacağı təqdirdə, ABŞ-nin “seçimi” kim olacaq - Putin, yoxsa Zelenski? Ukraynanın “Hörümçək toru” əməliyyatının əsas hədəflərindən birinin məhz ABŞ-nin mövqeyinə təsir etmək, Trampı Putinə qarşı təzyiqə sövq etmək olduğu görünür". 
Siyasi şərhçi Fərhad Mehdiyev bildirib ki, Ukraynanın Rusiyaya aid 40-a yaxın bombardmançı təyyarənin vurulması müharibənin gedişatına ciddi bir təsiri olmayacaq. Onun fikrincə, həmin təyyarələrdən bu müharibədə az istifadə olunurdu: 
"Rusiyanın nüvə gücünə təsir baxımından məsələyə gəldikdə, o iş üçün müasir dünyada raketlərdən istifadə olunur. Həmin təyyarələr isə nisbətən yaxın məsafələrə zərbə endirmək üçün əlverişlidir. Təyyarələrin sürəti raketdən daha aşağı, məsafəsi az, vurulma riski daha çoxdur. Yəni Rusiya Qərbə bunları göndərməz, sualtı nüvə gəmilərindən raketlə zərbə endirməyə cəhd edər. Əsas məqam diqqətdən yayınır. Ukrayna dronla dolu 2 TIR-ı necə keçirə bilib Rusiya ərazisinə, hansı ölkə üzərindən keçirib? Ukrayna-Belarus sərhədi qapalıdır. Bu marşrut Polşa-Baltik dövlətlərimi olub? İndi Rusiya bunun hesabını aparır, necə intiqam alacağını düşünür. Bir zamanlar çeçen komutan Şamil Basayev də rus gömrükçülərinə rüşvət verməklə Rusiyaya 2 avtobus silahlı dəstə gətirə bilmişdi".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiyanın başına gələnlər göstərdi ki, NATO Moskvanı yerin dibinə soxdu, özü də məhz yeni görüş ərəfəsində:
Bu, müharibə dövrü ərzində kollektiv NATO-nun ilk belə zərbəsi idi. Təşkilatçılıq, dronların xarakteri, cəbhə xəttindən 4 min km-dən başlayan uzaqlıq və nəticə. Maraqlıdır ki, onlara bu işi görməkdə kömək edən TIR sürücüləri rus olub və nə apardıqları barədə heç bir fikirləri olmayıb. Rusiyanın 40 təyyarəsi aerodromda məhv edildimi? Böyük ehtimalla yox. Amma əsas məsələ savaşı uduzmaq üzrə olan Zelenskiyə Amerikanın dəstəyini göstərmək və bunun təbliğatını qurmaq üçün möhtəşəm bir material oldu. Bu hücum birbaşa olaraq NATO-nun bütün dövlətlərini risk altına qoyur və Ukrayna ərazisini birbaşa nüvə ilə qisas üçün açır. Qərb buna rusların "Pearl Harbor"u deyir, amma Rusiya dron hücumu və ya terror aktı deməklə məsələni dərinləşdirməyə çalışır".
İKT üzrə mütəxəssis Fərid Pərdəşünas vurğulayıb ki, Ukraynanın dron hücumunun dəhşətli texnoloji tərəfləri var: 
"Yəni mən hələ də inana bilmirəm ki, bunu Ukrayna tək başına edib. Burada NATO mühəndislərinin mütləq ki, əməyi olub. Hər şey ilk olaraq FPV tipli sürü dronların gizli şəkildə Rusiya ərazisinə keçirilməsi ilə başlayıb. Taxta kabinlərdə bu dronlar yerləşdirilib və kabinlərin qapaqları uzaqdan idarə edilə bilən olub. Sizə deyim ki, bu işin elə ən asan tərəfi olub. Çünki əməliyyat sərhəddən azı 4000 km məsafədə aparılıb. Əsas məsələ dronların kütləvi hücumudur. Mümkün deyil ki, qarşı tərəf strateji ərazisində GPS bloklamadan istifadə etməsin. Böyük ehtimalla orada "jamming" olunub və dronların GPS-i və koordinatları görməsi əngəllənib. Amma və lakin Ukrayna tərəfinin dronları GPS ilə yox, süni intellekt dəstəkli kameralar ilə hücuma keçiblər. Yəni dronlar əvvəlcədən ərazini tanıyıblar və hücumu kameraları ilə ətrafı görərək ediblər. Bir növ dron koordinat yox, hədəfi görərək hücum edir. Başqa bir versiya isə dronların anti-jamming texnologiyasından istifadə etməsi irəli sürülür. Yəni GPS bloklamadan yayınıblar. Amma şəxsən inanmıram ki, qarşı tərəf buna qarşı hazırlıqsız ola. Ümumilikdə Ukrayna müharibə dövrü ərzində dəhşətli sayda dron istehsal edir. Əhalisi, mühəndisləri qarajlarda dron yığırlar və bu gün biz texnologiyanın gücü ilə bu qədər böyük bir səviyyədə hücumun şahidi oluruq".