İrandan təxliyə olunan Rusiya vətəndaşlarının Azərbaycana keçidi davam edir - FOTO

100-dən çox Rusiya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə Azərbaycana keçib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən keçidi davam edir.

220 nəfər Rusiya vətəndaşından ibarət qrupun 100-dən çoxu artıq Azərbaycana gəlib.

Onlardan bir qismi pasport qeydiyyatından keçərək, xüsusi avtobuslar vasitəsilə ünvana yola salınıb.

Qeyd edək ki, bu saatda da sərhəddə təxliyə davam etdirilir.


***

21:02

İranda yaşayan və müxtəlif işlərdə çalışan 220 nəfər Rusiya vətəndaşından ibarət olan qrupun Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən Azərbaycana keçidi başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, artıq iyirmiyə yaxın Rusiya vətəndaşı sərhədi keçərək Azərbaycana daxil olub.

Onlar üçün Azərbaycan tərəfindən 2 avtobus ayrılıb ki, bu avtobuslarla onlar birbaşa Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatdırılacaqlar.

Onların təxliyəsi və ünvana çatdırılması üçün bütün lazımı tədbirlər görülüb.

Qeyd edək ki, 2 qrupdan (139-81) ibarət olan Rusiya vətəndaşları uzun müddətdir ki, İran İslam Respublikasında müxtəlif sahələrdə çalışırlar.