Trampın Putinə "50 gün vaxt" verməsi plandır -ŞOK İDDİA

Bu, Ukrayna cəbhəsində döyüşlərin şiddətləndirilməsi hədəfinə hesablanmış kimi görünür
Ekspert: "Müharibənin taleyi döyüş meydanında həll olunacaq, ABŞ isə öz strategiyasını buna uyğun qurur"
Rusiya Kiyevlə birbaşa danışıqları davam etdirir və üçüncü raundda memorandum layihələrinin müzakirəsi planlaşdırılır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, burada söhbət ABŞ-nin vasitəçilik səyləri ilə aparılan birbaşa danışıqlardan gedir. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib ki, ABŞ Prezidenti Donald Tramp ikinci dərəcəli sanksiyalar tətbiq etsə, ilin sonuna qədər müharibəni bitirə bilər: "ABŞ-nin xüsusilə Rusiya neftinin alıcılarına qarşı ciddi sanksiyaları Putini müharibəni dayandırmağa məcbur edə bilər. Tramp öz təhdidini yerinə yetirib, Çin və Hindistanı sanksiyalarla vursa, bu, həm Moskvaya, həm də onun əsas müştərilərinə iqtisadi təzyiq yaradacaq – onlar üçün ABŞ ilə ticarəti riskə atmaqdansa, müharibənin bitməsinə nail olmaq daha sərfəli olacaq". "Skay Nyus"un təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark bildirib ki, Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumu Kremlin ABŞ Prezidenti Donald Trampın ultimatumuna cavabıdır. O hesab edir ki, bu yolla ruslar dünyaya Amerika liderinin xoşuna gəlməyəcək mesaj göndəriblər. Moskva da Trampın bəyanatlarından təsirlənmədiyini nümayiş etdirir: "Rusların bütün dünyaya göndərdiyi mesaj ondan ibarətdir ki, onlar davam edir. Rusiya Ukraynanın hər yerində həm hərbi, həm də mülki əhəmiyyət daşıyan şəhərləri vurur". Xatırladaq ki, daha öncə Tramp Putin əleyhinə çıxış edib və Rusiya liderinə 50 gün vxt verdiyini söyləyib.  
Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, Trampın Putinə "50 gün vaxt" verməsi və Ukraynaya ABŞ silahlarının çatdırılması ilə bağlı qərarı Rusiyanı "danışıqlar masasına əyləşməyə və razılaşmaya məcbur etmək" aktı kimi görünsə də, müəmmalı məqamlar da diqqət çəkir. Ekspertin sözlərinə görə, Vaşinqtonda üç illik müharibənin yekununda Moskvanı bu yolla geri addım atmağa sövq etməyin çətin olduğunu anlayırlar: 
"Kiyevə silahların verilməsi müharibənin uzanması və ABŞ-nin sülh planının arxa fona keçməsinə səbəb ola bilər. Rusiyanı razılaşmaya məcbur etmək istəyən ABŞ bunu niyə indi yox, 50 gün sonra edir. Moskvaya nəyin zamanını verirlər? Mümkündür ki, Tramp bir tərəfdən Ukraynaya silahların çatdırılması qərarı ilə Rusiyaya təzyiq edir. Digər tərəfdən, zaman verməklə Moskva ilə bərpa olunan təmas kanallarının tamamilə bloklanmasını istəmir. Lakin bu şübhəli məqamlar fonunda diqqətçəkən bir nəticə var: ABŞ silah satışından milyardlarla dollar vəsait qazanır. Anlaşmaya görə, NATO ölkələri pulunu ödəmək şərti ilə ABŞ-dən silahları alacaq və Ukraynaya verəcəklər. Beləliklə, silahların çatdırılmasında problemlər yaşanmasa, Ukrayna Rusiya qarşısında ciddi müqavimət imkanı qazanır, həm də siyasi cəbhədə mövqeləri güclənir. Silahlanan Ukrayna qarşısında istədiyinə nail ola bilməyən Rusiyanın masaya gəlməsi ehtimalı yüksəlir. ABŞ bu gedişlə həm danışıqları bərpa edir, həm də müdafiə sənayesindən yeni gəlirlər əldə edir". 
A.Nərimanlıya görə, burada ən önəmli məsələ Trampın Putini sülhə məcbur etmək üçün 50 gün vaxt verməsinin arxasındakı plandır:
 "Bu, Ukrayna cəbhəsində döyüşlərin şiddətləndirilməsi hədəfinə hesablanmış kimi görünür. Bu prosesdə bütün ssenarilər ABŞ-nin təklif etdiyi danışıqlar masasına çıxır. 50 gün müddətində Rusiyanın cəbhədə maksimum irəliləməyə çalışacağı, danışıqların növbəti raundunda mövqeyini gücləndirmək üçün Ukraynana total hücuma keçəcəyi istisna edilməməlidir. Moskva istədiyinə nail olarsa, Tramp Kiyevin masada güzəştə getməsini istəyəcək. Daha öncə də bir neçə dəfə Ukraynanı "qalib gələ bilməyəcəyi müharibə" aparmaqda ittiham edib. Mümkün "yay hücumu" Rusiyanın üstünlüyünü gücləndirsə, Vaşinqton eyni mövqeyə qayıdacaq. Ukrayna Rusiyanı dayandıra bilsə, Tramp Moskvanın maksimal tələblərdən geri çəkilməsini və təqdim olunan təkliflərlə razılaşmasını istəyəcək, bu istiqamətdə təzyiq göstərəcək. "Yay döyüş"lərində heç bir tərəf ciddi üstünlük qazanmasa, ABŞ hər iki tərəfə öz şərtlərini diktə etməyə və yeni danışıqlar mərhələsinə start verməyə çalışacaq. Hazırda Ukrayna ətrafında baş verənlər ABŞ-nin mövqeyini dəyişməsindən daha çox, yeni şərtlər formalaşdırmaq istəyindən qaynaqlanır. Belə görünür ki, bu şərtlərin yetişməsi döyüş meydanından keçir".