- Bürokratiya azalacaq, vətəndaşlar xidmətləri bir kliklə əldə edəcək
- “Məqsəd Azərbaycanı süni intellekt sahəsində regionun liderinə çevirməkdir”
Azərbaycanda rəqəmsal transformasiya və süni intellektin tətbiqi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.
Bu istiqamətdə atılan addımların və qarşıdakı hədəflərin müzakirə olunduğu mühüm platformalardan biri də iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası olub. İclas dövlət başçısının rəqəmsal inkişaf sahəsində verdiyi tapşırıqların icrasının nəticələrinə və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə həsr edilib.
İclasda dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının geniş tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı ilə bağlı mühüm hədəflər müəyyənləşdirilib. Qarşıdakı illərdə həyata keçiriləcək islahatların vətəndaşlara göstərilən xidmətlərin daha operativ, şəffaf və əlçatan olmasını təmin etməsi, eyni zamanda Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsinə töhfə verməsi nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında vurğulayıb ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən biridir və dövlətlərin təhlükəsizliyinin təmin edilməsində onun rolu getdikcə artır. O bildirib ki, dünyanın aparıcı ölkələrində süni intellektin inkişafı gözləniləndən daha sürətlə gedir və bu proses yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Bu baxımdan, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mövcud və potensial çağırışlara hazır olmaq, qabaqlayıcı tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Sherg.az-a açıqlamasında Rəqəmsal İnkişaf Şurasının ilk iclasınş ölkədə rəqəmsal transformasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm addım kimi qiymətləndirib.
Deputat bildirib ki, artıq rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində Yol Xəritəsi hazırlanıb, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planında konkret hədəflər müəyyənləşdirilib:
"Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevirməkdir.
Bu baxımdan vətəndaş və biznes subyektlərinin dövlət xidmətlərinə vahid platforma – "mygov" və "mygov biznes" üzərindən çıxışının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bütün dövlət qurumlarının bu platformalara inteqrasiyası nəticəsində xidmətlər daha operativ, şəffaf və əlçatan olacaq. Vətəndaşlar və sahibkarlar müxtəlif qurumlara ayrıca müraciət etmədən, tələb olunan xidmətləri vahid rəqəmsal mühitdə əldə edə biləcəklər. Bu isə həm vaxt itkisini, həm də bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldacaq.
Eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsinin tam rəqəmsallaşdırılması təkrar sənəd təqdim edilməsi hallarını minimuma endirəcək, qərarların qəbulunu sürətləndirəcək və dövlət xidmətlərinin keyfiyyətini daha da yüksəldəcək".
A. Badamovun sözlərinə görə, mərkəzləşdirilmiş data infrastrukturunun yaradılması informasiya təhlükəsizliyinin gücləndirilməsinə və dövlət idarəçiliyində səmərəliliyin artırılmasına da mühüm töhfə verəcək: "Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin açıqladığı kimi, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı 58 təşəbbüsü əhatə edir. Bu istiqamətdə 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Bu, dövlət qurumları arasında koordinasiyanın daha da gücləndiyini göstərir.
Son üç ay ərzində "mygov" platformasının istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların rəqəmsal xidmətlərə olan etimadının və marağının artdığını nümayiş etdirir. Bu dinamika onu göstərir ki, həyata keçirilən islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və öz real nəticələrini verməyə başlayıb.
Hesab edirəm ki, dövlət xidmətlərinin "mygov" və "mygov biznes" platformalarında vahid şəkildə təqdim olunması dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və hesabatlılığı daha da artıracaq, vətəndaş məmnuniyyətinin yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək".