Abbas Əraqçi: ABŞ şərtlərimizi yerinə yetirsə, Hörmüz boğazı açılacaq

Hörmüz boğazının açılması ilə bağlı İranın təqdim etdiyi plan hələ də masadadır.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir ölkəsinin mövqeyinin aydın olduğunu və yeddi günlük plan çərçivəsində ABŞ-yə təqdim edildiyini vurğulayıb:

"Vaşinqton öz mülahizələrini bildirib və biz hazırda onları nəzərdən keçiririk. Ancaq bizim baxışımıza görə, bu plan hələ də qüvvədədir. Əgər amerikalılarda səmimiyyət olarsa — ki, biz bunu görmürük — bunun yolu Hörmüz boğazının tam açılmasından keçir. Şərtlərimiz əməl olunacağı təqdirdə, boğaz altıncı gün açılacaq, yeddinci gün isə danışıqlar başlayacaq".

Əraqçi İranın irəli sürdüyü şərtlərin ədalətli olduğunu və ABŞ-nin daha əvvəl öhdəlik götürdüyü məsələləri əhatə etdiyini deyib. O bildirib ki, Vaşinqton boğazın açılmasında maraqlıdırsa, sözügedən şərtləri bir neçə gün ərzində icra edə bilər.