ABŞ Prezidenti Donald Trampın ölkə ərazisində doğulan uşaqların avtomatik vətəndaşlıq hüququnun ləğvinə yönəlmiş təşəbbüsü ABŞ Ali Məhkəməsi tərəfindən bloklanıb.
Sherg.az xəbər verir ki, məhkəmənin qərarında ABŞ ərazisində qanunsuz və ya müvəqqəti əsaslarla yaşayan valideynlərin uşaqlarının da ölkənin yurisdiksiyasına tabe olduğu vurğulanıb.
Qərarda deyilir:
“ABŞ-də doğulan və valideynləri burada qanunsuz və ya müvəqqəti yaşayan uşaqlar ölkənin yurisdiksiyasına daxildirlər. Konstitusiyaya əsasən onlar doğulduqları andan etibarən ABŞ vətəndaşı hesab olunurlar”.
Qərar ABŞ Konstitusiyasının 14-cü düzəlişinə əsaslanır və bu məsələdə formalaşmış məhkəmə praktikasını bir daha təsdiqləyir.
Qeyd edək ki, Donald Tramp prezidentliyinin əvvəlindən etibarən miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olub. O, daha əvvəl xarici vətəndaşların ABŞ-da dünyaya gələn uşaqlarının yalnız doğulduqları yerə görə avtomatik vətəndaşlıq alması qaydasını ləğv etməyi planlaşdırdığını açıqlamışdı.