- Vaşinqton platforması əldə olunan siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib
Azərbaycan cəmi 44 günə dastan yazaraq düşməni məğlubiyyətlə barışdıraraq sülhə təslim etdi. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda sülh müqaviləsinin paraflanması ilə Azərbaycanın tarixi zəfəri silinməz möhürlə təsbit edildi. Bu gün əlamətdar hadisənin bir ili tamam oldu.
Dünya hərb tarixi məğlub ölkələrin qaliblərə xərac ödədiyi nümunələrlə zəngindir. Lakin Azərbaycan qazandığı zəfərdən sonra Ermənistana hayata keçirdiyi neft və taxıl tədarükü ilə klassik müharibə doktrinalarını alt-üst edərək, tarixin gedişatına fərqli yön verdi. ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək verməsi də təsadüfi xarakter daşımır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlətçilik kursuna və regional liderliyinə verilən qiymətin təzahürüdür. Azərbaycanın haqq yolu ermənilərin şüurunda illərlə bəslənən Qarabağ xülyalarını tamamilə silib atdı. Bu torpaqların əbədi sahibinin kim olduğunu inkaredilməz şəkildə sübut etdi.
Bəs keçən bir il ərzində sülh gündəliyinin inkişafı regionda daimi sabitliyin zəmanətinə çevrilə bildimi?
- Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi:

“Bununla regionda uzun illər davam etmiş işğal üzərindəki status-kvo aradan qalxdı və tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdı. Vaşinqton sülh sammiti hərbi müstəvidə de-fakto əldə olunan tarixi Zəfərin siyasi-diplomatik müstəvidə de-yure təsbit edilməsi ilə tarixdə yer aldı. Nikol Paşinyan Prezident İlham Əliyevin müəllifi olduğu sülh gündəliyini və regional təşəbbüsləri özünün əsas seçki platformasına çevirərək, parlament seçkilərində qələbə qazandı və üçüncü dəfə hökuməti formalaşdırmaq imkanı əldə etdi. Prezident İlham Əliyevin strateji baxışı və ardıcıl sülh səyləri sayəsində keçmiş münaqişə tərəfləri artıq bir-birinə amansız rəqib kimi yox, potensial tərəfdaş kimi yanaşmağa başlayıblar”.
- Deputatın sözlərinə görə, Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsi konsepsiyasını irəli sürən Azərbaycan regional sülhün memarına çevrilib:
“Prezident İlham Əliyevin diplomatik yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi qələbəni son məqsəd kimi deyil, davamlı sülh və regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirir. Onun təşəbbüsü ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara start verildi və normallaşmanın 5 təməl prinsipi müəyyən olundu. Dövlətlərarası münasibətlərin təməl prinsipləri kimi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı prinsipləri əsas götürüldü. Sülhün və sabitliyin davamlılığının təmin edilməsi üçün kommunikasiyaların açılması gündəliyi formalaşdırıldı, Ermənistana münasibətdə ticarət məhdudiyyətləri aradan qaldırıldı”.
- Parlamentari qeyd edib ki, 1963-cü ilin Yelisey müqaviləsi və 1978-ci ilin Kemp-Devid sazişi kimi tarixi dönüşlər bir həqiqəti sarsılmaz edir:
“Beynəlxalq arxitekturanı yenidən quran əsas mühərrik məhz lider diplomatiyasıdır. Müasir beynəlxalq münasibətlərdə dövlət başçısı diplomatiyası xarici siyasətin ən təsirli alətlərindən biridir. Azərbaycan modeli işğala hərbi-diplomatik yolla son qoyulması, ardından isə fəal sülh quruculuğu və regional inteqrasiya xəttinin tutulması ilə fərqlənir. Prezident İlham Əliyevin fəaliyyəti bu modelin uğurlu nümunələrindən biri hesab olunur. Dövlət başçısı yeni siyasi gündəliyin müəllifi olmaqla yanaşı, həm də Cənubi Qafqazda təhlükəsizlik modelinin memarı, regional sabitliyin və uzunmüddətli sülhün əsas təminatçısı kimi çıxış edir.
- Deputatın fikrincə, hazırkı mərhələdə əsas məqsəd əldə olunan hərbi-siyasi nəticələrin hüquqi müstəvidə təsbit edilməsidir:
“Sülh müqaviləsinin paraflanması mühüm addım olsa da, yekun sülhün təmin olunması üçün bir sıra hüquqi və siyasi məsələlərin də həll edilməsi zəruridir. Bu baxımdan, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, paraflanmış sülh müqaviləsinin imzalanması və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməsi qarşıda duran əsas məsələlər sırasındadır. Növbəti mərhələdə, diplomatik münasibətlərin qurulması, dövlətlərarası əlaqələrin formalaşdırılması və gələcək sahəvi əməkdaşlığın hüquqi əsaslarının yaradılması istiqamətində konkret addımların atılması gözlənilir. Bu prosesin ana xəttini tərəflərin bir-birini düşmən deyil, potensial tərəfdaş kimi qəbul etməsi təşkil edir”.
- R.Nəbiyevin qənaətinə görə, Vaşinqton sülh sammiti Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm diplomatik mərhələdir:
“Vaşinqton platforması əldə olunan siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu proses, eyni zamanda, Cənubi Qafqazın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunu və regionda davamlı sülhün təmin edilməsinə aparıcı beynəlxalq aktorların marağını nümayiş etdirir. Ona görə də avqustun 8-i xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Vaşinqtonda imzalanan sənədlər normallaşma prosesinin hüquqi əsaslarının formalaşdırılmasına xidmət edən mühüm çərçivə sənədləri kimi çıxış edir. Donald Trampın səyləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan diplomatik təşəbbüslərə yeni impuls verib. Prezident İlham Əliyev və həmkarı Donald Trampın qarşılıqlı məktub və mesajları Bakı ilə Vaşinqton arasında yüksəksəviyyəli dialoqun göstəricisi olmaqla bərabər, Cənubi Qafqazda sülhün bərqərar olunmasına verilən dəstəyin bariz nümunəsidir”.