Dünya Yaxın Şərqdəki kritik gərginliyə fokuslanıb.
Sherg.az xəbər verir ki, Türkiyəli hərbi strateq Dr. Eray Güçlüer diqqətçəkən təhlillə çıxış edib. ABŞ-nin İranın enerji xətləri üzərində nəzarət planlarını dəyərləndirən Güçlüer, Hörmüz xəttində mümkün əməliyyatların böyük risk daşıdığını vurğulayıb. Zaqros dağlarındakı raket və artilleriya qüvvələrinə diqqət çəkən Güçlüer, sahədə ağır itkilərin ola biləcəyini qeyd edib.
Güçlüer bildirib ki, İranın Zaqros dağlarındakı raket və artilleriya qüvvələri sahəni sözün əsl mənasında “ölüm sahəsinə” çevirə bilər və mümkün amfibiya və ya hava-desant əməliyyatı ciddi itkilərlə nəticələnə bilər.
Hərbi strateq Dr. Eray Güçlüer qeyd edib ki, Hörmüz boğazı üzərində nəzarət təkbaşına kifayət deyil:
“Hörmüzə nəzarət etmək əslində Bəsrə körfəzinə də nəzarət etmək deməkdir. Orada hərbçilərin yerləşdirilməsi enerji axınının təhlükəsizliyini təmin etmək üçün yetərli deyil. Yalnız Xark adası deyil, Xarkdan Hörmüzə qədər İranın nəzarətində olan bütün adaların əməliyyata məruz qalma ehtimalı çox yüksəkdir.”
Güçlüer vurğulayıb ki, ABŞ-nin bölgəyə qoşun çıxarması üçün iki əsas şərt var:
İranın raket atəş gücü ya tam məhv edilməli, ya da ciddi şəkildə zəiflədilməlidir.
Zaqros dağlarının qərb yamaclarında yerləşən və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı çoxlüləli raket sistemləri və artilleriya qüvvələri sıradan çıxarılmalıdır.
Güçlüer qeyd edib ki, İranın müdafiə imkanları ABŞ ordusu üçün ciddi itkilər deməkdir:
“Xark adasının sahilə məsafəsi 25 km olduğu halda, İranın artilleriya sistemlərinin mənzili 40 km-dir. ABŞ bu sistemlərin hamısını eyni anda məhv edə bilməz. Hədəflər vurulsa belə, bu müddətdə ABŞ ordusu çox ciddi itkilər verər.”
Güçlüerə görə, İranın quru qoşunları ilə işğalı real ssenari deyil:
“İranı işğal edəcək quru gücü ssenarisi yanlışdır. ABŞ-ın buna nə gücü, nə də imkanları var. 1,6 milyon kvadrat kilometrdən böyük ərazidən söhbət gedir. Zaqros dağları İran üçün təbii müdafiə xəttidir.”
Hava-desant qüvvələrinin istifadəsi ilə bağlı Güçlüer bildirib:
“Bu birliklər paraşütlə endiriləcək. Amma dağ zirvələrinə enə bilməzlər. Onlar dərinlikdə düz ərazilərə atılır və 72 saat ərzində quru qüvvələri ilə birləşməlidirlər. Lojistika maksimum 3–7 gün davam edir. 10 gün dözə bilməzlər, məhv olurlar.”
Güçlüer əməliyyatın əsas məqsədinin enerji resursları olduğunu deyib:
“Xark adasındakı obyektlərin vurulmaması diqqət çəkir. Məqsəd yalnız Hörmüzü açıq saxlamaq deyil, həm də İran neftini nəzarət altına almaqdır. Burada açıq şəkildə müstəmləkəçilik yanaşması var.”
Onun sözlərinə görə, ABŞ mümkün əməliyyat üçün:
Zaqros dağlarına təxminən 20 min xüsusi təyinatlı yerləşdirə bilər
Adalara amfibiya əməliyyatı həyata keçirə bilər
Hörmüz boğazına briqada səviyyəsində çıxarma edə bilər
Amma İranın raket gücü zəiflədilmədən bu addımlar ciddi risk daşıyır.
Güçlüer bildirib ki, İran ordusu çox sürətli reaksiya verir:
“ABŞ qüvvələri yerə endikdən sonra toparlanmaq üçün ən azı 3 saat lazımdır. İran isə 30–60 dəqiqə ərzində əks-hücuma keçir. Bu şəraitdə uğur ehtimalı çox aşağıdır.”
Sonda Güçlüer qeyd edib:
“ABŞ-ın vaxt qazanmaq üçün apardığı danışıqlar artıq nəticə vermir. Bu cür güclü raket potensialı olan ölkəyə dərinlikdə təcrid olunmuş qüvvə göndərmək faktiki olaraq ‘get taleyini yaşa’ deməkdir. Bu birliklər mühasirəyə düşər, məhv edilər və əsir götürülər.”