- Abutalıb Səmədov: "İran bu addımdan geri çəkilməsə, ağır nəticələrlə üzləşəcək"
- "Tehran özünü çıxılmaz vəziyyətə salır. İranın siyasəti ona qarşı böyük koalisiya yarada bilər"
İran və ABŞ arasındakı toqquşma bütün Yaxın Şərqi raket yağışına bürüyüb. Artıq hərbi obyektlərlə yanaşı, ekoloji baxımdan ciddi risk yaradan atom elektrik stansiyaları da hədəf alınır. Yəməndəki Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi, gərginliyi yeni mərhələyə daşıyıb. Cəbhədəki gərginlik tərəflərin çıxışlarında da öz əskini tapır. İranın parlament sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür. ABŞ prezidenti Donald Tramp isə İranla danışıqların bərpasında heç bir məna görmədiyini bildirib. Mövcud gedişat tərəflərin diplomatik danışıqlardan daha çox, genişmiqyaslı müharibəyə doğru sürükləndiyini göstərir.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, ABŞ ilə İran arasında imzalanan qarşılıqlı anlaşmadan sonra bütün dünya rahat nəfəs almışdı:
“Belə bir ümid yarandı ki, 60 gün ərzində sülh sazişini imzalamaq mümkün olacaq və dünya böyük bir problemdən xilas olacaq. İran münaqişədən ən çox zərər çəkən tərəf olmasına baxmayaraq, Hörmüz boğazından keçən gəmilərə hücum etməklə özünü beynəlxalq aləmdə haqsız duruma salır. Buna cavab olaraq, ABŞ Silahlı Qüvvələri İrana zərbələr endirir. Təbii ki, İran bu hücumlardan çox ciddi zərər görür. İran Beynəlxalq Dəniz Hüququ Konvensiyasına zidd olaraq Hörmüz boğazından keçən gəmilərdən və tankerlərdən haqq almaq istəyir. Bunu açıq şəkildə "gediş haqqı" kimi elan etməsə də, guya hansısa xidmətlər qarşılığında tələb edir”.
Politoloqun sözlərinə görə, rəsmi Tehran boğazdan istifadə edən gəmilərin mənsub olduğu dövlətlərdən hərəkət qrafiki barədə əvvəlcədən məlumat verilməsini şərt kimi irəli sürür:
“Bu vəziyyət nə ABŞ-ni, nə də dünyanın əksər ölkələrini razı salır. Zərbələr və hücumlar günü-gündən şiddətlənir. İran cavab olaraq ABŞ bazalarını vurur. Aydındır ki, dəyən ziyan müqayisəolunmaz səviyyədədir. Lakin ABŞ bazalarına endirilən zərbələrlə İrana vurulan zərbələr arasında böyük fərq var. İran ilk növbədə özü bunu anlamalı və Hörmüz boğazında keçidin müharibədən əvvəlki qaydada olmasını təmin etməlidir. Əks halda, ABŞ hücumları daha da şiddətləndirəcək”.
A.Səmədov qeyd edib ki, İranın əməlləri region dövlətlərini ona qarşı vahid cəbhədə birləşdirə bilər:
“Çünki İran yürütdüyü siyasətlə əksər dövlətləri, xüsusilə də qonşu ölkələri özünə qarşı qaldırıb. Bu da son nəticədə, böyük bir koalisiyanın yaranmasına və İranın çox ciddi zərər görməsinə gətirib çıxaracaq. İran Hörmüz boğazı ilə bağlı iddialarından nə qədər tez əl çəksə, sülhə nail olmaq da bir o qədər tez mümkün olacaq. Hörmüz boğazından sonra daha böyük bir problem var. İranın nüvə proqramı ilə bağlı məsələ. Hər bir halda, İranın konstruktiv mövqe tutmasına ehtiyac var. Tehran rəhbərliyi nəzərə almalıdır ki, qarşısındakı dövlət dünyanın ən böyük hərbi gücüdür. Bununla hesablaşmadan xalqın və dövlətin əmin-amanlığını təmin etmək mümkün deyil. Ümid edək ki, İran bu reallıqları anlayıb, mümkün qədər tez Hörmüz boğazı ilə bağlı iddialarından imtina edəcək və danışıqlarda konstruktiv mövqe tutacaq”.