ABŞ investisiyaları Azərbaycanın iqtisadi gücünü artıracaq - Deputat

  • Azərbaycan həm ABŞ, həm də Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini ardıcıl şəkildə gücləndirir.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deyns Azərbaycanda səfərdədir. Səfər çərçivəsində senatoru qəbul edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin son dövrlərdə qarşılıqlı etimad və əməkdaşlıq əsasında uğurla inkişaf etdiyini bildirib.

Dövlət başçısı Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, bunun həm iki ölkə, həm də region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Görüş zamanı regional təhlükəsizlik, Azərbaycan-Ermənistan normallaşma prosesi, strateji əməkdaşlıq və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABŞ senatoru Stiv Deynsin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş siyasi ekspertlər tərəfindən Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi mərhələnin formalaşdığını göstərən mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Görüş zamanı səsləndirilən mesajlar Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna verdiyi önəmin artdığını, ikitərəfli münasibətlərin isə artıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini ortaya qoyur. Regional təhlükəsizlik, sülh prosesi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq istiqamətlərində aparılan müzakirələr Azərbaycanın beynəlxalq geosiyasi proseslərdə təsir imkanlarının daha da genişləndiyini göstərən əsas məqamlardan biri kimi diqqət çəkir.

Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a bildirib ki, ABŞ senatoru Stiv Deynsin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş Azərbaycan-ABŞ strateji tərəfdaşlığının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu istiqamətdə həm ABŞ Konqresinin nümayəndələri, həm də Amerikanın müxtəlif icra strukturları və nazirlikləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrin inkişaf etdirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər.

Deputat qeyd edib ki, Azərbaycan hazırda regionda ABŞ-nin əsas tərəfdaşlarından biri kimi çıxış edir:

“Bu tərəfdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, sabitlik və strateji əməkdaşlıq məsələlərini də əhatə edir. Azərbaycan həm ABŞ, həm də Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini ardıcıl şəkildə gücləndirir. Yeni əməkdaşlıq istiqamətləri sırasında süni intellekt texnologiyalarının inkişafı, rəqəmsal platformaların genişləndirilməsi və yüksək texnologiyalar sahəsində investisiyalar xüsusi əhəmiyyət daşıyır. ABŞ-dən gözlənilən investisiyalar Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verəcək, eyni zamanda regionun texnoloji və iqtisadi potensialını daha da gücləndirəcək”.