ABŞ İran əleyhinə əməliyyatları Yaxın Şərqdən kənara genişləndirib

ABŞ İranla bağlı hərbi-dəniz əməliyyatlarını Yaxın Şərq regionundan kənara çıxararaq genişləndirib.

Sherg.az xəbər verir ki, bu barədə The Washington Post (WP) rəsmi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 21 aprel ABŞ hərbçiləri Şri-Lanka və İndoneziya arasında yerləşən neytral sularda “Tifani” adlı tankeri ələ keçirib və Hindistanın qərb sahillərində daha azı bir başqa gəmini müşayiət edib.

Məlumata əsasən, “Tifani” tankerinə qarşı sanksiyalar 2025-ci ilin yayında tətbiq edilib. ABŞ rəsmilərinin iddiasına görə, bu tanker İran neftini “gəmidən gəmiyə” üsulu ilə daşıyaraq Pentaqonun “kölgə donanması” adlandırdığı şəbəkəyə daxil olub.

ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn 16 apreldə bildirmişdi ki, Vaşinqton İran bayrağı daşıyan və ya Tehrana maddi dəstək göstərən istənilən gəmini izləyəcək və lazım gələrsə, ələ keçirəcək.

WP yazır ki, 2 milyon barel neft daşıya bilən tankerə qarşı əməliyyat bu cür gəmilərə yönəlmiş ilk ardıcıl addımlardan biridir.

Məlumata görə, 21 apreldə ABŞ esminesləri İranın “Dorena” və “Sevin” adlı iki tankerini də müşayiət edib. Bu gəmilər ABŞ blokadasından əvvəl İranın Çabahar limanından çıxıb.

Nəşrin yazdığına əsasən, ABŞ hərbçiləri Hind okeanı və Ərəbistan dənizində çoxsaylı gəmiləri izləməyə davam edir və sürətli esmineslər vasitəsilə lazım olduqda onları saxlama imkanına malikdir.