ABŞ - İran savşı başlayır? - Regionda gərginlik pik həddə çatıb - ŞƏRH

“Mümkün ssenarilərə hazır olmaq artıq seçim deyil, zərurətdir”

İranla ABŞ arasında artan gərginlik Yaxın Şərqdə yeni eskalasiya risklərini gündəmə gətirir. ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi, mümkün hərbi ssenarilərlə bağlı yayılan məlumatlar və tərəflərin sərt bəyanatları regionda narahatlığı artırır. Bu proseslər fonunda İsrail də təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırdığını açıq şəkildə bəyan edir. Xüsusilə ABŞ-ın İrana mümkün zərbəsi halında bölgədə zəncirvari reaksiyanın baş verə biləcəyi istisna edilmir ki, bu da İsrailin birbaşa qarşıdurmaya cəlb olunması riskini artırır. Məhz belə bir şəraitdə İsrail hərbi rəhbərliyinin açıqlamaları regional gərginliyin hansı həddə çatdığını aydın şəkildə göstərir.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının rəisi Rafi Milo bildirib ki, İsrail ordusu ABŞ-nin mümkün hücumu halında İrana cavab zərbəsinə hazırlaşır”. Milo Yaxın Şərq boyunca ABŞ hərbi qüvvələrinin gücləndirilməsinə diqqət çəkərək deyib: “ABŞ İrana hücum etmək qərarı verəcəyi təqdirdə, İsrail ordusu istənilən eskalasiyaya qarşı ən yüksək hazırlıq səviyyəsində olacaq”.

O əlavə edib ki, İsrail “Hizbullah” terror təşkilatının genişmiqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağını da diqqətlə izləyir.

ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalının hələ də yüksək olduğunu vurğulayan siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, regionda artan gərginlik bütün qonşu ölkələri qabaqlayıcı planlar hazırlamağa vadar edir və bu proseslər yeni təhlükəsizlik və humanitar çağırışlar yaradır. O, “Sherg.az” a bildirib ki, mümkün ssenarilərə hazır olmaq artıq seçim deyil, zərurətdir. Siyasi ekspert ABŞ prezidenti Donald Trampın Davosdan qayıdarkən İrana qarşı mümkün hərbi əməliyyat planının hələ də gündəmdə olduğunu vurğuladığını xatırladıb. Həmçinin ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyinə dair məlumatlar yayıldığını qeyd edib:

“Bildirilir ki, ABŞ “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunu bölgəyə göndərməklə yanaşı, azı altı ədəd “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini də Yaxın Şərqə cəlb edib. Məlumatlara görə, ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) növbəti ay ərzində 24 saatlıq tam hazırlıq rejimi ilə bağlı göstəriş verilib. Bu çərçivədə CENTCOM-un rəhbəri İsrail ordusunun Baş Qərargah rəisi ilə görüş keçirib. İsrail mediası isə yazır ki, qarşıdakı günlər və həftə İrana mümkün hücum hazırlığı baxımından həlledici mərhələ hesab olunur. Eyni zamanda “İsrail Hayom” nəşri ABŞ-ın İrana qarşı mümkün zərbə planlarında ali dini lider Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin potensial hədəf kimi nəzərdən keçirildiyini iddia edib.

Baş verən proseslər fonunda Türkiyənin də İranda mümkün müharibə ssenarisinə hazırlaşdığı barədə məlumatlar yayılıb. Bildirilir ki, münaqişə baş verərsə, Ankara miqrant axınının qarşısını almaq məqsədilə İran ərazisində saxlanılması üçün sərhəd bölgəsində “bufer zona” yaradılmasını nəzərdən keçirir. Məlumatlara əsasən, Türkiyənin Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı parlamentin Xarici Əlaqələr Komissiyasına məxfi hesabat təqdim edib. Hesabatda A, B və C olmaqla üç fərqli fəaliyyət planının hazırlandığı qeyd olunur”.

A. Nərimanlı bildirib ki, 12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Onun fikrincə hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır: “Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür. Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etməkdir. Digər ehtimal isə ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaqdan ibarətdir. 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı. Zənnimcə, soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir”.