- “Müharibələr artıq yalnız cəbhədə deyil, məhkəmə zallarında da aparılır”
İran Məhkəmə Hakimiyyəti Sisteminin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejeinin son açıqlamaları beynəlxalq hüquq və beynəlxalq münasibətlər kontekstində müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə müharibə dövründə məsuliyyət, beynəlxalq hüququn tətbiqi və dövlətlərin hüquqi-siyasi addımları ilə bağlı məsələlər yenidən diqqət mərkəzinə gəlib.
Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Sherg.az-ın mövzu ilə bağlı suallarını cavablayıb:
-İran Məhkəmə Hakimiyyəti Sistemi rəhbərinin bu açıqlamasını necə qiymətləndirirsiniz?
Bu mesaj ilk baxışdan hüquqi tələb kimi görünsə də, əslində beynəlxalq siyasətin, hüququn və diplomatik mübarizənin kəsişdiyi olduqca mürəkkəb sahəni əks etdirir.
-Məsələyə geniş prizmadan baxsaq?
Müasir beynəlxalq sistemdə müharibələr yalnız hərbi cəbhələrdə aparılmır. Münaqişələrin hüquqi, diplomatik, iqtisadi və psixoloji ölçüləri də ən azı baş verən hadisələr qədər əhəmiyyət daşıyır. Bu səbəbdən dövlətlər rəqiblərini yalnız hərbi üsullarla deyil, eyni zamanda beynəlxalq hüquq mexanizmləri, ictimai rəy və diplomatik platformalar vasitəsilə də təzyiq altında saxlamağa çalışırlar. İran rəsmisinin açıqlaması da məhz bu çərçivədə qiymətləndirilməlidir.
-Beynəlxalq hüquq baxımından belə ittihamların hüquqi perspektivi nədir?
Beynəlxalq hüquq baxımından yanaşdıqda, müharibə cinayətləri, insanlığa və mülki şəxslərə qarşı törədilən cinayətlər son dərəcə ciddi ittihamlardır. Lakin hər hansı bir dövlətin və ya dövlət rəsmisinin müharibə cinayətinə görə məsuliyyət daşıdığının müəyyən olunması üçün ilk növbədə müstəqil araşdırmaların aparılması lazımdır. Bunun üçün sübutların toplanması və hüquqi prosedurların işlədilməsi tələb olunur. Beynəlxalq hüquqda ittiham ilə məhkumetmə arasında mühüm fərq mövcuddur. Dövlətlərin siyasi bəyanatları hüquqi prosesin başlanğıcını təşkil edə bilər, lakin təkbaşına hüquqi nəticə doğurmur.
-Bu məsələdə beynəlxalq hüquq və güc siyasəti arasındakı əlaqəni necə görürsünüz?
Bəli, burada diqqət çəkən məqamlardan biri beynəlxalq hüquq ilə güc siyasəti arasındakı münasibətdir. Akademik ədəbiyyatda uzun illərdir müzakirə olunan əsas məsələlərdən biri beynəlxalq hüququn bütün dövlətlərə bərabər şəkildə tətbiq olunub-olunmamasıdır. Nəzəri baxımdan beynəlxalq hüquq universal normalara əsaslanır və bütün dövlətləri əhatə edir. Lakin praktikada böyük güclərin beynəlxalq sistemdə tutduğu mövqe beynəlxalq hüquq mexanizmlərinin effektivliyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olur. Bu səbəbdən beynəlxalq cinayət mexanizmlərinin bəzi hallarda olduqca fəal işlədiyi, bəzi hallarda isə siyasi maneələr səbəbindən məhdud qaldığı istiqamətində tənqidlər mövcuddur.
-Son dövrlərdə beynəlxalq münasibətlərdə hüquqi vasitələrin siyasi alət kimi istifadəsi edilməsi məsələsinə necə yanaşırsınız?
Beynəlxalq münasibətlərdə “hüququn siyasiləşdirilməsi” və “hüquq vasitəsilə mübarizə” kimi xarakterizə olunan anlayışlar daha çox əhəmiyyət qazanıb. İngilisdilli ədəbiyyatda “lawfare” kimi ifadə olunan bu yanaşma dövlətlərin hüquqi vasitələrdən xarici siyasət aləti kimi istifadə etmələrini nəzərdə tutur. Bu gün bir çox ölkə rəqib dövlətlərin beynəlxalq legitimliyini sual altına almaq məqsədilə müharibə cinayətləri, insan hüquqları pozuntuları və ya təzminat tələbləri üzərindən hüquqi təşəbbüslər irəli sürür. İranın açıqlamaları da bu kontekstdədir.
-Bu tip bəyanatların diplomatik və ictimai təsiri nədən ibarətdir?
Bu cür açıqlamaların yalnız hüquqi deyil, həm də ictimai diplomatiya baxımından mühüm nəticələri var. Çünki müasir münaqişələrdə beynəlxalq ictimai rəyin formalaşdırılması strateji amilə çevrilib. Dövlətlər öz mövqelərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışarkən, eyni zamanda rəqib aktorların legitimliyini də sual altına alırlar. Bu səbəbdən müharibə cinayətləri və beynəlxalq məhkəmələr üzərindən səsləndirilən açıqlamalar çox vaxt diplomatik ritorikanın bir hissəsi kimi meydana çıxır.
-Beynəlxalq sistemdə hesabatlılıq mexanizmləri ilə bağlı vəziyyət necədir?
Beynəlxalq sistemdə hesabatlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində çağırışlar getdikcə artır. Xüsusilə son illərdə müxtəlif regionlarda baş verən münaqişələr mülki şəxslərin qorunması, beynəlxalq humanitar hüquq normalarının tətbiqi və müharibə dövründə məsuliyyət mexanizmlərinin işlədilməsi məsələlərini yenidən gündəmə gətirib. Bu vəziyyət yalnız müəyyən ölkələrlə məhdudlaşmır, əksinə beynəlxalq ictimaiyyət səviyyəsində müzakirə olunan struktur xarakterli məsələdir.
-Nəticə etibarı ilə Mohsini-Ejenin fikirlərinin mahiyyəti nədən ibarətdir?
Mohsini-Ejenin açıqlaması yalnız İran ilə ABŞ və ya İsrail arasındakı mövcud gərginlik kontekstində oxunmamalıdır. Bu açıqlama eyni zamanda beynəlxalq hüquq ilə güc siyasəti arasındakı münasibətin, müharibə dövründə hesabatlılıq müzakirələrinin və beynəlxalq legitimlik uğrunda mübarizənin təzahürüdür. Məsələnin mahiyyəti hər hansı bir dövlətin haqlı və ya haqsız olmasından daha çox, beynəlxalq sistemin böhran dövrlərində hüquqi mexanizmləri nə dərəcədə effektiv və qərəzsiz şəkildə işlədə bilməsi sualında cəmləşir. Müasir dövrdə əsas müzakirə də məhz bu nöqtədə intensivləşməkdədir.