- “Vaşinqton bu xəbəri məqsədli şəkildə sızdırmış ola bilər”
- “ABŞ və İsrail müttəfiqdir, amma İran məsələsində maraqları hər zaman üst-üstə düşmür”
ABŞ və İsrailin 2026-cı il fevralın 28-də İrana hücumu əsasında başlayan müharibə, tarixə ən çox yüksək profilli sui-qəsdlərin qeydə alındığı münaqişə kimi düşüb. Həmin dönəmdə dəfələrlə hədəfdə Ali rəhbər Əli Xamneinin olduğu bildirilsə də, heç kəs bu məsələyə ciddi yanaşmırdı. Lakin onun ölümünün təsdiqlənməsi bütün təsəvvürləri alt-üst elədi.
Bu gün isə "The New York Times" qəzetinin yayımladığı xəbər, beynəlxalq aləmdə şok effekti yaradıb. Qəzetin yazdığına görə, İsrail ordusu ABŞ ilə İslamabad danışıqlarından sonra Tehrana qayıdan İran nümayəndə heyyətinin təyyarəsinə zərbə endirməyi planlayıb. Təyyarənin içərisində isə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi olub. İddialara görə, Vaşinqton, Qalibafın hədəf siyahısına daxil edildiyini öyrənəndiyi an, sui-qəsd planından imtina etmələri üçün İsrail hökumətinə müraciət edib. Qəzet onu da iddia edir ki, İranın xüsusi xidmət orqanları hava məkanında İsrail qırıcılarının pusqu qurduğunu müəyyən etdikdən sonra, təyyarə yaxınlıqdakı hava limanlarından birinə məcburi eniş edib. Rəsmi nümayəndələrin yerüstü nəqliyyatla təxliyə olunduğu qeyd edilir. ABŞ və İran arasında danışıqların davam etdiyi dönəmdə, üzə çıxan sui-qəsd planları şübhələr doğurub.
Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, İsrail, İranın yüksək vəzifəli hərbi və siyasi xadimlərinə qarşı planlı əməliyyatlar aparmağı öz milli təhlükəsizlik arxitekturasının əsas sütununa çevirib:
“Keçmiş ali rəhbər Əli Xamnei və İranın yüksək rütbəli hərbi komandanlarının İsrailin hücumlarının qurbanına çevrildiyi hər kəsə gün kimi aydındır. Buna görə də, danışıqlarda iştirak edən İran nümayəndə heyyətinin İsrail kəşfiyyatının hədəf siyahısında yer alması təəccüb doğurmamalıdır. ABŞ administrasiyası, danışıqların uğursuz nəticələnməsinin qarşısını almaq üçün İsrailə diplomatik təzyiq də göstərmiş ola bilər. ABŞ və İsrailin müttəfiq olmaları, onların İranla bağlı maraq və mövqeyinin hər zaman üst-üstə düşəcəyi anlamına gəlməməlidir”.
Ekspertin sözlərinə görə, beynəlxalq siyasətdə müttəfiqlik münasibətləri nə qədər güclü olsa da, hər bir dövlət üçün öz milli maraqları daha üstün sayılır:
“Digər tərəfdən isə ABŞ bu xəbəri qəsdən mətbuata sızdırmış ola bilər. ABŞ-ni sui-qəsdi dayandıran tərəf kimi göstərməkdə əsas məqsəd, rəsmi Tehranda Vaşinqtonun etibarlı və güvənilən aktor olduğu təəssüratını yaratmaqdır. Diplomatik təmaslarda prosesin taleyini yalnız irəli sürülən şərtlər müəyyən etmir. Tərəflərin bir-birinə münasibəti də həlledici rol oynayır. Ölkə rəhbərliyi çox vaxt digər dövlətlə münasibətlərdə, böhranın qarşısını almaq və etibarlı tərəfdaş imicini möhkəmləndirmək üçün bu tip məlumatları qəsdən media dövriyyəsinə buraxır. Böyük ehtimalla, bu xəbər həm real kəşfiyyat məlumatlarına söykənir, həm də siyasi-diplomatik mesaj daşıyır”.