ABŞ kəşfiyyatından Trampa xəbərdarlıq: “İranda rejim devrilməyəcək”

ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İran rejiminin yaxın zamanda devriləcəyi gözlənilmir. Rejim zəifləsə də, daha sərt mövqe tutub.

Sherg.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ kəşfiyyatı hücumlara baxmayaraq İran rejiminin yıxılmayacağı qənaətinə gəlib.

Hətta rejimin öz gücünü möhkəmləndirdiyi də qeyd olunur. Daha sərt xətti müdafiə edən İnqilab Keşikçilərinin ölkədə təsirini daha da artıracağı proqnozlaşdırılır.

Qəzet yazır ki, müharibədən əvvəl Donald Tramp kəşfiyyat orqanlarından reallığı əks etdirən brifinqlər alıb. Bu brifinqlərdə İnqilab Keşikçilərinin müharibədən daha güclənmiş şəkildə çıxa biləcəyi barədə xəbərdarlıq edilib.

Qəzetə danışan və adının açıqlanmasını istəməyən bir rəsmi bildirib:

“Baş verənlər əvvəlcədən proqnozlaşdırılmışdı. Bu ona öncədən deyilmişdi.”

Həmin rəsmi əlavə edib ki, ABŞ-nin uzunmüddətli müharibə planı yoxdur və münaqişəni mümkün qədər tez başa çatdırmaq lazımdır.

REJİM DAXİLİNDƏ PARÇALANMA ƏLAMƏTİ YOXDUR

“The Washington Post”a danışan Qərb təhlükəsizlik mənbəsi bildirib ki, İranda qərarverici şəxslər arasında müəyyən qarışıqlıq var və onlar bir-biri ilə ünsiyyətdə çətinlik çəkirlər.

Lakin buna baxmayaraq, rejim daxilində hər hansı parçalanma əlaməti müşahidə olunmur.

İNQİLAB KEŞİKÇİLƏRİ ÜÇÜN DİGƏR ÖLKƏLƏRƏ TƏZYİQ

İnqilab Keşikçilərinin güclənəcəyi ehtimal edilərkən, Tramp administrasiyası əlavə addımlar da atır.

Bu qüvvələrin təcrid olunması üçün digər ölkələrə təzyiqlər artırılıb. ABŞ Dövlət Departamenti diplomatlara yerləşdikləri ölkələrdə İnqilab Keşikçiləri və Livandakı Hizbullah təşkilatının terror təşkilatları siyahısına salınması üçün fəaliyyət göstərməyi tapşırıb.

Diplomatlardan bu çağırışı olduqları ölkələrin ən yüksək rəhbərliyinə çatdırmaları tələb olunub.

“The Washington Post” həmçinin yazır ki, müharibə uzandıqca Körfəz ölkələri Tramp administrasiyasına qarşı narazılıq göstərir. Körfəz ölkələrindən yüksək vəzifəli bir rəsmi qəzetə açıqlamasında belə deyib:

“Bu müharibəni İsrail üçün başladılar və sonra bizi hücumlarla təkbaşına üz-üzə qoydular.”