ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH

“ABŞ İranın əsas strukturlarını vuraraq yeni lider ortaya çıxarmaq istəyir”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran hakimiyyəti hazırda Vaşinqtonun irəli sürdüyü tələbləri yerinə yetirməyə hazır deyil.

Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran tərəfi danışıqlara maraq göstərsə də, hələlik ABŞ-nin tələb etdiyi addımları atmağa hazır görünmür: “Onlar çox istəyirlər ki, danışıqlar aparılsın. Amma düşünmürəm ki, hazırdırlar. Mən hesab etmirəm ki, onlar etməli olduqları şeyi etməyə hazırdırlar. Lakin düşünürəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında ABŞ-la İranın hələ danışıqlara hazır olmadığını bildirib. Onun fikrincə, qoyulan şərtlər İran rejimi üçün intihar anlamına gəlir:

“İran düşünür ki, müharibənin masştlabını genişləndirmək və beynəlxalq aləmin etirazını yaratmaqla ABŞ və İsraili dayandıra bilər. Əks halda hərbi yöndən ABŞ və İsrailə müqavimət vasitəsilə ilə nailiyyət əldə edə bilməz. Çünki tamamilə bombardman altında olan ölkədə İsrailə və körfəz ölkələrindəki ABŞ-ın bazalarına hücum sonsuza qədər davam edə bilməz. Hələlik müharibənin genişləndirilməsi İran üçün mümkün olmayıb. ABŞ və İsrail isə müəyyən irəliləyiş əldə etməkdə, artıq Xark adasını zəbt etmək üzrədir. ABŞ düşünür ki, İranın əsas strukturlarını vurmaqla, əsas şəxsləri aradan götürməklə onun şərtlərinə razı olacaq lider ortaya çıxara bilərlər və danışıq baş tuta bilər. Ancaq görünür ki, İranda hələ buna hazır deyillər. Hazırki vəziyyətdə İran danışıqları qəbul etməyəcək. ABŞ da öz şərtlərindən imtina etməyəcək. Ona görə də müharibə davam edəcək”.

 Yaxın Şərqdə gərginliyin daha da artacağını vurğulayan T. İrfan qeyd edib ki, İranda əsas söz sahibləri əsla ABŞ və İsrail ilə razılaşmağa hazır deyillər:

“Əksinə ABŞ-dən təzminat tələb edir, qisas almağa hazırlaşırlar. Danışıqlar və razılıq o zaman hasil ola bilər ki, İranın bütün hərbi personalı iflic edilsin və müqavimət cəbhələri dəf olunsun. Belə olduğu halda Prezident Pezeşkian kimi sivil xalqı təmsil edən lider ortaya çıxıb dövlətin qalan hisslərinin də dağıtmaması, xalqın əziyyət çəkməməsi naminə ABŞ ilə hansısa razılığa gələ bilər. Çox böyük ehtimalla ABŞ bu plan üzərində işləyir. Prezidentə mane olan qatı sistem tərəfdarları qismindəki təsir vasitələrini zərərsizləşdirib vəziyyəti, reallığı qəbul edə biləcək tərəf-müqabil kimi onu danışıqlara qəbul etmək”.