Gərginlik pik həddə çatacağı təqdirdə, ərəb ölkələrinin İrana qarşı mümkün müdaxilə ehtimalı istisna edilmir
İran, ABŞ və İsrail arasındakı müharibə gün keçdikcə regionu daha şiddətli fəlakətə sürükləyir. İran ordusu qonşu və ərəb ölkələrini də hədəf almaqla, regionda təkbaşına mübarizə aparmağa məcbur qalıb. Bu vəziyyət regional dövlətləri hərəkətə keçirib. Martın 19-da Səudiyyə Ərəbistanının başçılığı ilə paytaxt Riyadda 12 İslam ölkəsi bir araya gələrək, İranın bölgədə mülki yaşayış məntəqələri və strateji infrastrukturu hədəf alan hücumlarını pisləyiblər. Toplantıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri də iştirak edib. Məsləhətləşmə toplantısından sonra 12 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə birgə bəyanat təsdiqlənib. Bəyanatda, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi hücumların birbaşa mülki infrastruktur və əhaliyə yönəldiyi vurğulanıb. Nazirlər həmçinin, İranın qonşuluq prinsiplərini pozmağa davam etməsinin ona “siyasi və iqtisadi baxımdan ağır nəticələr” doğuracağı barədə xəbərdarlıq ediblər. İranın ərəb və müsəlman ölkələrinə yönəltdiyi hücumlar ona qarşı yeni cəbhələrin açılmasına dair şübhələri artırır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, ərəb və müsəlman ölkələrinin toplantı keçirməsi gərgin durumla bağlıdır:
“Çünki Amerika və İsrailin İrana hücumuna cavab olaraq ABŞ-nin regiondakı hərbi bazaları əsas hədəf kimi seçilib. Dünya neft və qaz tədarükü üçün strateji əhəmiyyət daşıyan Fars körfəzinin İran tərəfindən bağlanması ərəb ölkələrində narazılıq yaradıb. Mövcud vəziyyətlə əlaqədar region ölkələri ortaq mövqe sərgiləməyə qərar veriblər. İranın özünümüdafiə prinsipinə əsasən ərəb və müsəlman ölkələrindəki hərbi bazalara hücum etmək hüququ var. Lakin hərbi obyektlərlə bərabər mülki infrastrukturun da hədəfə alınması ərəb və müsəlman ölkələrini İrana qarşı adekvat addımlar atmağa sövq edir. Əks təqdirdə həmin ölkələrdə əhali mövcud duruma qarşı etiraz askiyaları keçirəcək”.
Politoloqun sözlərinə görə, toplantıda bir araya gələn ərəb ölkələri İrana təzyiq göstərərək onu qorxutmağa çalışırlar:
“Hələlik ərəb və müsəlman ölkələrinin müharibəyə qoşulacaqlarını düşünmürəm. Çünki Ramazan və Qurban bayramları İslam dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Belə günlərdə ərəb ölkələri İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmaqdan çəkinirlər. Region ölkələrindən formalaşmış beynəlxalq koalisiyanın İrana qarşı müdaxiləsini ən çox İsrail istəyir. İran isə bundan ehtiyat edərək, onları çəkindirmək məqsədilə daha aqressiv hücumlar sərgiləyir. Gərginlik pik həddə çatacağı təqdirdə, ərəb ölkələrinin İrana qarşı mümkün müdaxilə ehtimalı istisna edilmir. Hazırda ABŞ İrana məxsus Xark adasını ələ keçirmək niyyətindədir. Vaşinqton Fars körfəzindəki adaları nəzarətə götürməklə, bu ərazilərdən həm hərbi baza kimi, həm də beynəlxalq enerji dövriyyəsinin yenidən bərpasını təmin etmək məqsədilə istifadə etmək istəyir. Bu prosesdə ABŞ-nin yanında ərəb ölkələri də yer ala bilərlər”.