"Tramp hazırkı vəziyyətdə bir an əvvəl uzlaşma nöqtəsi taparaq prosesi yekunlaşdırmaq istəyir"
Hazırda Amerika-İran münasibətləri regionun təhlükəsizlik arxitekturasını müəyyən edən ən həssas mərhələlərdən birinə daxil olub. Mövcud vəziyyət yalnız iki ölkə arasındakı qarşıdurma ilə məhdudlaşmır. Bu müharibə regional və qlobal güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi düyünə çevrilib.
Bu kontekstdə proseslərin inkişaf istiqaməti hərbi eskalasiya ilə diplomatik həll arasında incə bir balans üzərində formalaşır. Veriləcək qərarlar Yaxın Şərqin gələcək siyasi mənzərəsinə ciddi təsir göstərə bilər.
Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Amerika-İran müharibəsində çox mühüm və kritik nöqtədə olduğumuzu deyib:
"ABŞ Prezidenti atəşkəsi müddətsiz olaraq uzatmışdı. Bu uzatma qərarının əsaslandırması kimi İranda çoxparçalı idarəetmənin mövcud olduğunu və onların bir araya gələrək vahid xarici siyasət qərarı qəbul edə bilmədiklərini göstərmişdi. Buna paralel olaraq ABŞ İsrailə təzyiq edərək Livanda 3 həftəlik atəşkəs prosesini başlatmışdı. Lakin dünən baş verən sui-qəsd cəhdi böyük ehtimalla İsrailin təşkil etdiyi bir cəhd idi. İsrail bu atəşkəs proseslərindən ciddi narazılıq duyur, müharibənin yenidən başlaması üçün ABŞ Prezidentinə təzyiq göstərir. Çünki Netanyahu üçün oktyabrda keçiriləcək seçkilərə qədər müharibə olduqca vacibdir. Müharibə davam etməzsə, Netanyahunun erkən seçkilər nəticəsində vəzifədən uzaqlaşdırılması və barəsindəki məhkəmə prosesinin həbs cəzası ilə nəticələnməsi ilə bağlı ciddi razılaşma və ittifaqın mövcud olduğu deyilir".
Analitik qeud edib ki, Tramp hazırkı vəziyyətdə yenidən müharibə başlatmaq əvəzinə, bir an əvvəl uzlaşma nöqtəsi taparaq prosesi yekunlaşdırmaq istəyir:
"Trampın da bildiyi kimi, noyabrda Nümayəndələr Palatası və Konqres seçkiləri keçiriləcək. Həmin dövrə qədər müharibənin bitməsi və İranda bir həll yolunun, danışıqlar prosesinin başlaması vacibdir.
Amma burada əsas kilid nöqtəsi İsraildir. İsrailin həm Pentaqonda, həm CİA-da, həm də CENTCOM-da ciddi təsir gücü var. Sionist təzyiqlər, həm Epştein işi üzərindən, həm də Trampa yönəldilən bu sui-qəsd cəhdləri vasitəsilə özünü göstərir. Bu təzyiqlər nəticəsində ABŞ bölgəyə sanki əməliyyat edəcəkmiş kimi hərbi yığıncağını gücləndirir. Lakin hazırkı mərhələdə ABŞ-ni quru əməliyyatı aparmağa təşviq edəcək qədər güclü vəziyyət yoxdur. Bunun üçün ən azı təxminən bir aylıq əlavə zamana ehtiyac var.
Yəni hər iki variant masada olsa da, vəziyyətin daha çox həllə, atəşkəsin uzadılmasına və ya toqquşmaların qarşısının alınmasına yönəldiyini görmək lazımdır. Çünki ABŞ anlayır ki, əgər bu qarşıdurmalar yenidən başlasa, İrana qarşı bombardmanlar həyata keçirilsə, hava əməliyyatları və desant çıxarmaları olsa belə, İranda ciddi dəyişiklik baş verməyəcək. Çünki İranda dövlətlə xalq arasında bütövlük mövcuddur və ölkənin təslim olmaq niyyəti yoxdur. Sanksiyalara baxdıqda da onların nəticə vermədiyi aydındır. Çünki 47 ildir sanksiyalar şəraitində yaşayan və buna uyğunlaşa bilən cəmiyyət mövcuddur".
Politoloq ABŞ-nin yenidən genişmiqyaslı müharibəyə girmək niyyətinin olmadığını vurğulayıb:
"Lakin belə bir müharibə baş verərsə, bu daha çox İsrailin təzyiqi nəticəsində ola bilər. Yəni qısamüddətli və strateji baxımdan məhdud hədəflərə yönəlmiş qarşıdurma mümkündür.
Nəticə etibarilə isə razılaşma zəruridir. Bu razılaşmanın mümkün olması hər iki tərəfin bir-birinə “üzünü qoruyaraq çıxış” imkanı verməsindən asılıdır. Məsələn, İran Hörmüz boğazına yönəlik ABŞ blokadasının aradan qaldırılmasını istəyir. ABŞ isə zənginləşdirilmiş uranın üçüncü bir ölkəyə verilməsini və nüvə fəaliyyətinin dayandırılmasını tələb edir. Bu nöqtədə İranın, xüsusilə Pakistan kimi həm müsəlman, həm də etibarlı hesab olunan bir ölkəyə zənginləşdirilmiş uranı verməsi ehtimalı mövcuddur".