Vaşinqton Hindistanın Rusiya neftini almasına göz yumur
"Amerika Birləşmiş Ştatları İrana qarşı müharibə fonunda Hindistanın Rusiyadan neft almasına etiraz etmir. Halbuki, Vaşinqton İrana qarşı müharibəyə başlamadan əvvəl Hindistanın Rusiyadan neft alışını davam etdirəcəyi halda bu ölkəyə qarşı gömrük rüsumlarını artıracağını bildirmişdi. Ancaq hazırda ABŞ Prezidenti Donald Trampı Rusiyanı sıxışdırmaq və bu ölkənin neftini alan ölkələri hədələmək deyil, İranı ram etmək düşündürür".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspert qeyd edir ki, ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasına görə, Hindistanın neftayırma zavodları 30 gün ərzində Rusiya neftini ala biləcəklər:
"Onun sözlərinə görə, dənizlərdə üzən Rusiya nefti ilə dolu tankerlərə qadağa müvəqqəti ləğv edilib və Hindistanın neftayırma zavodları həmin nefti ala bilərlər. Ancaq Skott Bessent qadağanın müvəqqəti ləğv edildiyini bir daha xatırladaraq Hindistanın gələcəkdə ABŞ neftini alacağına ümid etdiyini söyləyib. Ancaq Bessentin “müvəqqəti” adlandırdığı dövr qeyri-müəyyən müddətə uzadıla da bilər. Çünki ABŞ-İran müharibəsinin 30 günə bitəcəyini proqnozlaşdırmaq çətindir. Müharibə uzana da bilər. Bu müddətdə isə həm neftin qiyməti qalxacaq, həm də Yaxın Şərq ölkələri neftin ixracatında çətinliklərdən qurtulmayacaqlar.
Politoloq onu da bildirir ki, Hindistan Rusiya-Ukrayna müharibəsinə qədər Rusiyadann neft almırdı. Bu ölkə lazım olan neftin əsas hissəsini Körfəz ölkələrindən alırdı:
"Hindistanın neft ehtiyatları 25 günə çata bilər. Bu ölkə neftə olan tələbatının təxminən 40 fazini Hörmüz boğazı vasitəsilə Yaxın Şərq ölkələrindən əldə edirdi. Rusiya Qərbin sanksiyalarına görə, satdığı neftin qiymətini ucuzlaşdırdıqdan sonra Hindistanın neftayırma zavodlarının Rusiya neftinə marağı artdı. Ancaq Hindistanın ucuz Rusiya neftini aldığına görə son bir ildə Vaşinqtonun Dehliyə təzyiqi artıb. Dehli Vaşinqtonun təzyiqləri qarşılığında Rusiya neftini imtina etməyə hazırlaşarkən, Yaxın Şərqdə müharibə başladı. Bu da Hindistanın Yaxın Şərq ölkələrindən neftin alışını çətinləşdirib. Odur ki, Hindistan neftə olan tələbatının əsas hissəsini əvvəlkitək Rusiya nefti hesabına ödəmək məcburiyyətində qalıb və Vaşinqton Yaxın Şərqdə müharibə fonunda Dehliyə təzyiq etmək istəmir."