“ABŞ üçün İrana birbaşa hücum ehtimalı risk deməkdir" - Yaxın Şərq üzrə ekspert

"Bu, daxildə gedən etirazlara nəinki əks təsir göstərə, hətta rəsmi Tehranın mövqelərini gücləndirə bilər"

İranda etiraz dalğası artıq 17-ci gününü yaşayır. Proseslər getdikcə daha təhlükəli mərhələyə daxil olur. İnsan haqları üzrə HRANA təşkilatının yaydığı məlumata görə, aksiyalar zamanı ölənlərin sayı 646 nəfərə çatıb. Ən ağrılı məqamlardan biri isə həlak olanlar arasında doqquz uşağın da olmasıdır.

Qarşıdurmalar zamanı 133 hərbçi və polis əməkdaşının öldüyü bildirilir. Saxlanılanların sayı 10 min 700 nəfəri ötüb. Rejim vəziyyətə nəzarəti itirdikcə informasiya məkanını da boğmağa çalışır. ölkə artıq 100 saatdan çoxdur ki, tam internet və rabitə blokadası altındadır. Sosial şəbəkələrdə yayılan görüntülərin birində, Tehranda etiraz qurbanlarının dəfni zamanı, insanların “Xameneiyə ölüm olsun!” şüarı səsləndirdikləri əks olunub. Bu səhnələr, rejimin “sabitlik” iddialarını alt-üst edən acı reallığın simvoluna çevrilib. Etirazların başlamasından iki həftə keçməsinə baxmayaraq, hökumətin mövqeyi yumuşalmaq, əvəzinə daha da sərtləşir. Dünən İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqdə çıxış edərək, etiraz aksiyalarını “xarici qüvvələrin məkrli planı” adlandırıb. Lakin küçələrdə axan qan və artan qurban sayı bu ritorikanın artıq cəmiyyət üçün inandırıcılığını itirdiyini göstərir. Bir sıra ölkələr isə səngiməyən etiraz dalğasından ehtiyat edərək, diplomatlarını və vətəndaşlarını İrandan çıxarmağa çalışır. Dünən ABŞ Dövlət Departamenti amerikalıları dərhal İranı quru yolla tərk etməyə çağırıb. Bu çağırış, ötən gün İranın xarici işlər naziri Abbas Əraqçinin “Tehran ABŞ-lə həm dialoqa, həm də tam müharibəyə hazırdır” mesajının, doğurduğu rezonansdan sonra səsləndirilib. Bu gün isə ABŞ prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb. Bütün bunlar Vaşinqton-Tehran xəttində danışıqların faktiki olaraq dalana dirəndiyini göstərir. Trampın hədələri və Xamneyinin media üzərindən sərgilədiyi sərt qarşıdurmanın, real müharibəyə çevrilib-çevrilməyəcəyi hələ də açıq sual olaraq qalır.

Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sherg.az-a açıqlamasında bildirib ki, İranda baş verən etirazlar artıq klassik “cəmiyyət-hakimiyyət” qarşıdurması çərçivəsindən çıxaraq parçalanma mərhələsinə keçib:

“Hökumət tərəfdarlarının da aktivləşərək küçələrə çıxması onu göstərir ki, rejim təhlükəni təkcə etirazçılarda deyil, eyni zamanda legitimlik böhranında görür. Bu mərhələ adətən iki əsas ssenari yaradır. Ya hakimiyyət sərt repressiyalar hesabına müvəqqəti sabitlik formalaşdırır, ya da sistemdaxili çatlar daha da dərinləşərək uzunmüddətli siyasi böhrana çevrilir. Mövcud mənzərə isə ikinci ehtimalın tamamilə istisna edilmədiyini göstərir”.

Ekspertin qənaətinə görə, Güney Azərbaycan əhalisi etnik bölgələr üçün yarana biləcək riskləri diqqətlə qiymətləndirərək, proseslərdə daha ehtiyatlı mövqe sərgiləyirlər:

“Güney azərbaycanlıların etirazlara daha sonra və ehtiyatlı şəkildə qoşulması təsadüfi deyil. Bunun bir sıra obyektiv səbəbləri var. Güney azərbaycanlılar proseslərə emosional reaksiya verməkdənsə, daha çox nəticəyönlü və rasional mövqe tutur. Onlar daxili xaosun ilk növbədə etnik bölgələr üçün ciddi risklər formalaşdırdığını aydın şəkildə dərk edirlər. Eyni zamanda məhz türk bölgələrində təhlükəsizlik strukturlarının daha sərt formada yerləşdirilməsi və preventiv tədbirlərin erkən mərhələdə görülməsi də etirazlarda fəallığı məhdudlaşdıran amillər sırasındadır. Etirazlarda açıq və fəal iştirak rejim tərəfindən asanlıqla “xarici ssenari” və ya “separatizm” kimi təqdim oluna bilər ki, bu da Güney Azərbaycan üçün əlavə təhlükələr yaradır. Digər önəmli məqam isə Qərbin alternativ olaraq Pəhləvi modelini ön plana çəkməsi ilə bağlıdır. Güney, pəhləvi rejimi dövründə çəkdiyi əzabları unutmayıb və bu cür dəyişikliyi qəbul etmir. Bu səbəbdən mövqe daha çox səssiz gözləmə və balanslı müşahidə xarakteri daşıyır”.

V.Zifəroğlu etirazların əsas səbəbini xarici qüvvələrin müdaxiləsində yox, İran daxilindəki problemlərdə görür:

“Pezeşkianın açıqlaması İran siyasi diskursu üçün yeni deyil. ABŞ və İsrail amili illərdir daxili narazılıqları xarici təhdid narrativi ilə kölgələmək üçün istifadə olunur. Şübhəsiz ki, Qərb ölkələri və İsrail İranda baş verən prosesləri diqqətlə izləyir və informasiya müharibəsi elementlərindən istifadə edir. Lakin etirazların kökündə dərin iqtisadi böhran, sosial ədalətsizlik, sistemli korrupsiya və siyasi çıxış imkanlarının faktiki olaraq mövcud olmaması dayanır. Xarici faktorlar katalizator ola bilər, amma yanacağı daxili problemlər təmin edir”. 

Ekspert, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı ehtimallara da toxunub:

“ABŞ üçün İrana birbaşa hücum ehtimalı olsa da, bu proseslərin indiki gedişatında risk deməkdir. ABŞ və İsrail tərəfindən ediləcək hər hansı bir hücum, daxildə gedən etirazlara nəinki əks təsir göstərə, hətta rəsmi Tehranın mövqelərini gücləndirə bilər. Bu səbəbdən Vaşinqton daha çox dolayı təzyiq, sanksiyalar, kəşfiyyat əməliyyatları və İsrail üzərindən balans siyasətinə üstünlük verir. Əraqçinin “tam hazırıq” mesajı isə daha çox daxili auditoriyaya hesablanmış bəyanatdır. Real hərbi balans isə tərəfləri birbaşa müharibədən çəkindirir. Birmənalı şəkildə vurğulamaq olar ki, İranda baş verənlər nə ani iğtişaşdır, nə də sadəcə xarici ssenari. Bu, sistemdaxili böhranın açıq fazasıdır. Proseslərin taleyi isə küçədəki etirazlardan çox, elitanın öz daxilində verəcəyi qərarlardan asılı olacaq”.

Aybəniz Səfərova