8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual istiqamətləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin, təhlükəsizliyin, enerji və nəqliyyat bağlantılarının təşviqində mühüm rolunu vurğulayıblar. Bu çərçivədə, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi, regional tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin bölgəmizdə davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək, regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
17:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Sherg,az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub.
Görüş zamanı siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılılıq layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib.
Nazirlər həmçinin Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində səylər, regional bağlantılılıq təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti də daxil olmaqla regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər bildiriblər ki, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı əvvəlkindən daha güclü olaraq qalır və regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verməyə davam edir.
***
14:46
Bu gün İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında görüş keçirilib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.