ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH

  • “Müharibə riski hələ də çox yüksəkdir, nəticələr gözləniləndən ağır ola bilər”

İran və ABŞ arasındakı qarşıdurma hər ötən gün daha da kəskinləşir. Tərəflər arasında iyunun 18-də imzalanan memoraduma baxmayaraq, ABŞ silahlı qüvvələri, iyulun 13-dən 14-ə keçən gecə İrana qarşı dördüncü hücum dalğası həyata keçirib. İran ordusu isə hücumlara cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib. İnformasiyası məkanında da qarşılıqlı toqquşmalar davam edir.

İranın Ali Rəhbəri Əli Xamenei "X" hesabında, son hücumlara görə ABŞ və İsraildən qisas alacağını yazıb. ABŞ prezidenti Donlad Tramp isə öz növbəsində, tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacağını bildirib. Hörmüz boğazına nəzarət üzərində formalaşan fikir ayrılıqları da həllini tapmayıb. Tramp əvvəlcə Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi müqabilində daşınan bütün yüklərin dəyərinin 20%-i qədər kompensasiya tələb edəcəyini bildirsə də, sonradan bu fikrindən daşınıb. 

Regionu bürüyən hərbi əməliyyatların uzunmüddətli müharibəyə çevrilmə ehtimalı varmı?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma dayanıqlı deyildi: 



“Çünki hər iki tərəfin qoyduğu ağır şərtlər bir-birinin boğazından keçmir. Tramp 40 günlük müharibədə qalib gəldiklərini bildirsə də, istər ABŞ, istərsə də İsrail mətbuatı ortada heç bir qələbənin olmadığını açıq-aydın qeyd edirdi. Tərəflər arasındakı münaqişənin kökləri kifayət qədər dərindir. ABŞ İrana hücum etmək üçün nüvə proqramı bəhanəsinə sığınsa da, əslində əsas məqsəd İrandakı rejimi dəyişmək, ölkəni tamamilə zəiflətmək və Fars körfəzi üzərində mütləq nəzarəti ələ keçirmək idi. Tərəflər müzakirə olunan bəndlərin, xüsusilə də kritik məqamların heç biri ilə bağlı razılığa gələ bilməyiblər. Məhz buna görə toqquşmalar ara-sıra səngisə də, yenidən cərəyan edəcək. Amerika artıq İrana 50 min qoşun göndərməyi planlayır. Lakin onların sayı İrana qarşı müharibə aparmaq və ya adekvat cavab vermək üçün kifayət deyil”. 

Ekspertin sözlərinə görə, bir çoxlarının ABŞ-nin İrana əlavə qoşun yeritmək planlarını şişirtməsinə baxmayaraq, mövcud hərbi qüvvə ilə mübarizə aparmaq qeyri-mümkündür:

“ABŞ-nin İranda öz məqsədlərinə tam nail olması üçün regiona ən azı 1 milyonluq hərbi qüvvə cəlb etməsi lazımdır. ABŞ bu qədər hərbçini İran uğrunda fəda etmək istəmir. Ona görə də Tramp ya Türkiyəni, ya da digər qüvvələri bu prosesə cəlb etmək niyyətindədir. Əvvəllər İrana qarşı kürdlərdən istifadə etməyi planlayırdılar. Lakin bu plan da baş tutmadı. Hesab edirəm ki, indiki mərhələdə ABŞ hərbi əməliyyatları davam etdirəcək. Son günlər həyata keçirilən hücum əməliyyatında çox diqqətçəkən bir hadisə yaşandı. Məsələn, əvvəllər müharibə zamanı su mənbələrinə zərbələr endirilmədiyi halda, bu dəfə əsas hədəflər sırasında su infrastrukturu da yer alırdı”. 

S.Məmməd qeyd edib ki, Körfəz ölkələrinin hamısında su ehtiyatları ilə bağlı çox ciddi problemlər var:

“Əgər İran həmin mənbələri bombalayarsa, Fars körfəzində həyat tamamilə iflic olacaq. Hərbi sahədə yaşanan hər bir gərginlik neftin qiymətinə də təsirsiz ötüşmür. Tramp tətbiq edilən blokada çərçivəsində ən azı 20 faizlik rüsum əldə etməyə çalışır. Rəsmi Tehran isə təbii ki, 20 faizlə deyil, daha az həcmlə razılaşacağını açıqlayıb. Faktiki olaraq, tərəflər arasında hələ də heç bir razılaşma əldə olunmayıb. Bu da müharibə riskinin kifayət qədər yüksək olduğunu göstərir. Əgər hərbi əməliyyatlar davam edərsə, bunun nəticələri gözləniləndən də ağır olacaq”.