Tərəflər arasında yalnız razılaşma mətninin formalaşdırılması mərhələsi başa çatıb
ABŞ və İran arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm razılaşmanın əldə olunduğu iddia edilir. ABŞ Prezidenti Donald Trump tərəflərin müharibəyə son qoyacaq “əla razılaşma”ya yaxın olduğunu bildirərək, sənədləşmə prosesinin yaxın günlərdə başa çata biləcəyini açıqlayıb.
Məlumatlara görə, müzakirə olunan 14 maddəlik sənəddə Vaşinqtonun İrana qarşı sanksiyaları ləğv etməsi, Tehran ətrafındakı hərbi qüvvələrini geri çəkməsi və İranın bloklanmış vəsaitlərinin azad olunması nəzərdə tutulub. Bunun qarşılığında isə İranın Hörmüz boğazının açılması və nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi yer alıb.
Bununla yanaşı, razılaşmada İranın ballistik raket proqramı və regiondakı silahlı qruplara dəstək məsələsinin gündəlikdən çıxarılması diqqət çəkir. Bu isə mümkün sazişin Yaxın Şərqdə siyasi və təhlükəsizlik balansına necə təsir göstərəcəyi ilə bağlı müzakirələri daha da artırıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Sherg.az-a bildirib ki, ABŞ və İran arasında davam edən uzunmüddətli gərginliyin bitməsi üçün zəruri olan tərəflərarası razılaşma yaxın müddətdə əldə oluna bilər: 
“Beləki, müharibənin aktiv fazasının başa çatmasından dərhal sonra Pakistanda başlanmış və sonradan nəticəsiz şəkildə dayandırılmış danışıqlar prosesi yenidən bərpa olunub. Mediada yayımlanan məlumatlara əsasən ABŞ və İran arasında 14 bənddən ibarət böyük və tarixi əhəmiyyət daşıyan bir razılaşma mətni formalaşdırılıb. Razılaşmanın yayımlanan ilkin mətnində kifayət qədər mühüm motivləri özündə ehtiva edilir. İranın ali dini rəhbərinin təsdiqi istisna olmaqla, razılaşma mətni artıq İranın dövlət qurumları səviyyəsində təsdiqlənib və yaxın zamanda ali dini liderin də həmin sənədi təsdiqləyəcəyi gözlənilir”.
14 bəndlik razılaşmaya gəldikdə isə Ü. Mustafayev bildirib ki, ümumilikdə sənəd ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvini, İranın bloklanmış vəsaitlərinin azad edilməsini və digər mühüm məsələləri özündə əks etdirir. Bu bəndlərin hər biri kifayət qədər böyük tarixi əhəmiyyətə malikdir: “Xüsusilə ilk bənd İranın son günlərdə verdiyi ən mühüm siyasi mesajlardan birini ehtiva edir. Bu bənd cəbhənin bütün istiqamətlərində, o cümlədən Livanda atəşin dayandırılmasını və atəşkəs rejiminin bərpasını nəzərdə tutur. Bu isə o deməkdir ki, razılaşma əldə olunduqdan sonra ABŞ İsrailin Livan istiqamətindəki fəaliyyətlərinin dayandırılması üçün ciddi addımlar atacaq və bu istiqamətdə yeni hərbi əməliyyatların keçirilməməsi üçün İsrailə ciddi təzyiqlər göstərəcək. Bu, həmçinin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan və ABŞ prezidentinin İsraillə bağlı səsləndirdiyi iddia olunan fikirlərin müəyyən mənada reallığı əks etdirdiyini göstərir. Digər mühüm məsələ İranın aktivləri ilə bağlıdır. Məlumdur ki, İranın nüvə proqramı ilə əlaqədar olaraq uzun illərdir ölkənin xaricdəki aktivlərinin bir hissəsi dondurulub və bu vəziyyət İranın ciddi sanksiyalar altında qalmasına səbəb olub. Bu baxımdan, 14 bəndlik razılaşmada neft-kimya məhsullarının satışına dair sanksiyaların dayandırılması və İranın həmin vəsaitlərə çıxışının tam təmin olunması da öz əksini tapıb. Eyni zamanda İranın yenidən qurulması məqsədilə ABŞ və müttəfiqləri tərəfindən 300 milyard dollar həcmində vəsait ayrılması nəzərdə tutulur. Lakin bu vəsaitin ayrılmasının zəruriliyi qeyd olunsa da, onun həyata keçirilməsi mexanizmi göstərilmir”.
Ü. Mustafayev xüsusilə sonuncu bəndin diqqət cəlb etdiyini bildirib: “Həmin bənddə qeyd olunur ki, yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq olunan sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı məsələləri əhatə edəcək. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələləri isə gündəlikdən tamamilə çıxarılıb. ABŞ və İran arasında hələ yekun razılaşmanın əldə olunduğunu söyləmək mümkün deyil. Hazırda tərəflər arasında yalnız razılaşma mətninin formalaşdırılması mərhələsi başa çatıb. Bu sənədin imzalanması və rəsmi təsdiqlənməsi üçün isə 14-cü bənddə göstərilən şərtlərin, o cümlədən İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin azad edilməsi və İran neftinə tətbiq olunan sanksiyaların dayandırılması kimi addımların həyata keçirilməsi tələb olunur. Bundan sonra artıq yekun sənədin imzalanması məsələsi gündəmə gələ bilər. Eyni zamanda, İranın bərpası üçün nəzərdə tutulan 300 milyard dollarlıq maliyyə dəstəyi yekun razılığın şərtləri sırasında göstərilsə də, onun icra mexanizmi sənəddə ətraflı şəkildə izah edilmir”.
Politoloq hesab edir ki, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bir çox bəndlərdə məqsədlər göstərilsə də, onların həyata keçirilmə mexanizmləri açıqlanmır: “Məsələn, ABŞ regiondan bütün hərbi qüvvələrini çıxarmaq öhdəliyi götürür. Lakin bunun hansı mərhələlər üzrə və hansı mexanizmlə həyata keçiriləcəyi göstərilmir.
Əslində, hər hansı bir öhdəliyin sənədə daxil edilməsi nə qədər çətindirsə, onun reallaşdırılmasını təmin edən mexanizmin hazırlanması daha da mürəkkəb məsələdir. Məhz buna görə də bu razılaşmanın bir çox müddəaları hələlik yalnız siyasi niyyət xarakteri daşıyır. Bu isə o deməkdir ki, sözügedən razılaşmanın formalaşdırılması ABŞ və İran arasında bütün problemlərin həll olunduğu, İranın sanksiyalardan tam çıxdığı və beynəlxalq sistemə tam şəkildə qayıtdığı anlamına gəlmir. Bunun baş verməsi üçün razılaşmanın bütün bəndləri üzrə real və praktiki addımlar atılmalıdır”.