Elçin Xalidbəyli: "İran güzəştə getməsə, hərbi ssenari qaçılmaz ola bilər"
Rza Pəhləvi ABC-yə müsahibəsində deyib ki, ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə mümkün hücumu İran hökumətini zəiflədə və xalq üsyanı üçün yeni bir fürsət yarada bilər:
Bu, İran etirazçılarının bir çoxunun tələbidir. Amerikanın hücumu İran xalqının həyatını qorumaq üçün bir növ “humanitar müdaxilə”dir”.
Pəhləvi hökumətin süqut edəcəyi təqdirdə demokratik keçidi dəstəkləmək üçün tədbirlər görəcəyini söyləyib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “Sherg.az”a deyib ki, ABŞ-nin İrana hərbi müdaxilə edib-etməyəcəyi barədə qəti fikir bildirmək hazırda çətindir:
“Çünki həm açıq siyasi-diplomatik kanallarla, həm də səhnəarxası təmaslar vasitəsilə müzakirələr davam edir. Ümumilikdə demək olar ki, tərəflər arasında siyasi bazarlıq prosesi gedir və bu danışıqların nəticəsi bir çox suallara aydınlıq gətirə bilər.
Əgər Donald Tramp administrasiyası İranla danışıqlarda irəli sürdüyü tələblərə nail olarsa, bu halda Vaşinqton hərbi müdaxiləyə ehtiyac duymayacaq
Əksinə, rəsmi Tehran güzəştə getməz və irəli sürülən şərtləri qəbul etməzsə, yaxud danışıqlar nəticəsiz qalarsa, o zaman hərbi müdaxilə ehtimalı daha real müzakirə edilə bilər.
Hazırkı mərhələdə proses əsasən masa arxasında davam edir. Bununla paralel olaraq ABŞ-nin bölgəyə hərbi qüvvələr cəmləşdirməsi həm təzyiq aləti kimi çıxış edir, həm də mümkün hərbi ssenariyə hazırlıq elementi kimi qiymətləndirilə bilər.
Beləliklə, növbəti mərhələdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi birbaşa ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsindən asılı olacaq”.