ABŞ və İran müharibəsi rejim devrilməyənə qədər bitməyəcək - Politoloqdan PROQNOZ

  • "Bu mərhələdə daha şiddətli və dağıdıcı müharibəni görəcəyik. Artıq molla rejiminin sütünları həm daxilindən həm də xaricdən yıxılmağa başlayıb"

Yaxın Şərqdəki proseslər toqquşma bəndini aşaraq müharibəyə çevrilib. ABŞ artıq İrana 6-cı hücum dalğasını başa çatdırıb. İran Səhiyyə Nazirliyi, ölənlərin sayının 38-ə, yaralıların sayının isə 400-ü ötdüyünü açıqlayıb. ABŞ ordusunun Çabahar limanındakı nəzarət qülləsinə endirdiyi üçüncü raket zərbəsi, obyekti tamamilə dağıdaraq limanda dəniz nəqliyyatının hərəkətini iflic edib.

Tərəflərin səsləndirdiyi fikirlər də ziddiyyətini qorumaqdadır. Ağ Evin mətbuat katibi Kerolayn Livitt, İranın ABŞ ilə razılıq əldə etmək istədiyini açıqlasa da, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf fərqli mövqe nümayiş etdirib. Qalibaf bildirib ki, ABŞ-la qarşılıqlı anlaşma memorandumu yalnız sənədin müddəalarına əməl edildiyi təqdirdə məna daşıyır, əks halda İranın həmin anlaşmaya riayət etməsi üçün heç bir əsas yoxdur.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, ABŞ və İran arasındakı müharibə rejim devrilməyənə qədər bitməyəcək:

“Müharibənin birinci fazasında İranın bütün iri hərbi obyektləri yerlə-yeksan edildi. İndi isə 3-cü faza baş verir. Bu mərhələdə daha şiddətli və dağıdıcı müharibəni görəcəyik. Artıq molla rejiminin sütünları həm daxilindən həm də xaricdən yıxılmağa başlayıb. Molla rejimi kimi xalqın da strateji xətti düzgün olmadı. Onlar hökümətə qarşı üsyün etdikləri dönəmdə, rejimi yıxmaq potensialına sahib idilər. Amma müharibə başlayan kimi qəddar rejimin tərəfinə keçdilər. Halbu ki, həmin üsyanlarda 40 min insan amansızcasına qətlə yetirildi. İran xalqı düşməni xaricdə deyil, ölkənin rəhbərliyində görməlidir”. 

Politoloqun sözlərinə görə, İrandakı azərbaycanlılar rejimin o qədər qəddar üzünü görüblər ki, mitinqlərə belə qoşulmaqdan qorxurlar:

“Molla rejimi beynəlxalq hüququ heçə sayaraq, ölkədə kölə və ağa münasibətlərinə əsaslanan bir diktatura qurub. ABŞ İranı işğal etməyəcək, sadəcə müvəqqəti hökümət formalaşdıracaq. ABŞ-nin siyasəti nə qədər tənqid olunsa da, inanın ki, indiki rejimdən min qat yaxşı olacaq. Yekəbaş meymunun yerinə nə qədər vicdansız da olsa insan gələcək. İnanın ki, İslam dinini gözdən salan da elə oradakı rejimdir. Əgər rejim dəyişsə, İran da müasir Avropa ölkələri kimi həm dünyəvi, həm də sürətlə inkişaf edən dövlətə çevriləcək. Bilirsinizmi, Hörmüz boğazı və neft İrana nə qədər böyük pullar qazandırır? Heyf ki, xalq həmin gəlirlərdən məhrum qalıb”. 

Q.Hüseynlinin onu da qeyd edib ki, bütün gəlirlər “Müqavimət Oxu” şəbəkəsinə daxil olan proksi qüvvələrə verilir:

“Öz xalqı acından öldüyü halda, Livandakı Hizbullaha ildə 10 milyon dollar vəsait ayrılır. Yerdə qalan vəsaiti isə mənimsəyərək Avropa banklarında saxlayırlar. Hərbi əməliyyatlar avqust ayına qədər rejimin devrilməsi ilə başa çatacaq. Artıq canının hayına qalan mollaların bəziləri ölkədən qaçıb. Həmin gün yaxınlaşanda, eynilə Səddam Hüseyn kimi qaçan da olacaq, gizlənən də. Ölkə onsuz da başsız vəziyyətdədir. Müctəba ölməyib, vəziyyəti ağırdır. Hələ ki, onun yerini nə İsrail, nə də ABŞ müəyyən edə bilib. Lakin onu öldürməyəcəklər, çünki Müctəba ABŞ və İsrail üçün təhdid yaradacaq gücdə deyil. Bu dəqiqə ABŞ-nin əsas hədəfi Bəsic və SEPAH-ın xuliqan və yaramaz rəhbərləridir".