ABŞ və İran sadəcə güclənmək üçün prosesə atəşkəslə fasilə verdilər - POLİTOLOQ

  • Netanyahu ABŞ-yə səfəri zamanı Trampla mütləq şəkildə İrana hücum əməliyyatları barədə müzakirə aparacaqlar

İran və ABŞ arasında iyunun 18-də imzalanan memoranduma baxmayaraq, tərəflər havada və dənizdə hərbi əməliyyatları gücləndiriblər. Artıq memoranduma daxil olan əsas şərtlər sıradan çıxıb. SEPAH səhər saatlarından etibarən, ABŞ-nin İordaniya və Küveytdəki hərbi bazalarına zərbələr endirib.

Cəbhədəki gərginlik liderlərin açıqlamalarında da özünü göstərir. ABŞ lideri Donald Tramp, İranın region ölkələri üçün təhdid olduğunu, bütün Yaxın Şərqin Tehrana qarşı birləşdiyini iddia edib. İran prezidenti Məsud Pezeşkian isə Trampın hədələrinə cavab verib. O, ölkənin hər qarışını qoruyacaqlarını vurğulayıb. Qarşılıqlı ittihamlar tərəflərin hələ ki, güzəştə getmək fikrində olmadıqlarını ortaya qoyur. Toqquşmaların aktiv mərhələsində, İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun sonuna planlaşdırılan ABŞ səfəri diqqət çəkib. Hazırda İsrail müharibəyə qatılmasa da, görüşdə aparılan müzakirələrdən sonra hadisələrin hansı səmtə yönələcəyi sual altındadır.

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, ABŞ və İran savaşı bitməyib:

“Sadəcə güclənmək üçün prosesə atəşkəslə fasilə verdilər. ABŞ-nin ilkin strateji planlarında, İrandakı rejimi devirmək, Hörmüz boğazına nəzarəti ələ keçirmək və ölkənin zəngin təbii resurslarına yiyələnmək dayanırdı. Lakin bu planların əhəmiyyətli hissəsi gerçəkləşmədi. İran da qarşıdurmaya maraqlıdır. Çünki savaş SEPAH-ın mövqeyini möhkəmləndirir. Müharibə bitən kimi, cəmiyyət sistemin çatışmazlıqlarını daha aydın görməyə başlayacaq. Ona görə də SEPAH-a müharibə aparmaq sərf edir. İran ABŞ-yə tabe olmayınca, müharibə dayanmayacaq. Tərəflərin ortaq məxrəcə gəlmək fikri yoxdur”. 

Politoloqun sözlərinə görə, əslində müharibə ABŞ-dən daha çox İrana qazandırdı:

“Vaşinqtonun regional müdaxiləsi, Tehranın gözünü açdı. Hörmüz boğazından pulsuz keçən gəmilər indi İranın iqtisadi rıçaqına çevrilib. İranın strateji korluğu ondadır ki, müharibədə aldığı yaraları sarımadan, itkilərini bərpa etmədən yeni qisas avantürasına atılır. SEPAH-ın yeganə üstünlüyü, ABŞ-nin coğrafi uzaqlığıdır. Regiondakı boşluqdan yararlanan SEPAH, Körfəz ölkələrini hədəf almaqla vəziyyəti öz xeyrinə, 1-0 irəlidə saxlamağa çalışır”. 

Ə.Mustafa, Netanyahunun ABŞ-yə səfəri zamanı müzakirə olunacaq mövzulara toxunub:

“Baş nazir, Trampla mütləq şəkildə İrana hücum əməliyyatları barədə müzakirə aparacaqlar. İsrail çoxdan bu savaşa qatılmaq istəyir. Lakin Tramp helə ki, onları kənarda saxlayır. Sadəcə olaraq, İsrail prosesə qatılsa belə İranın yalnız gözlə görünən hərbi imkanlarını zərərsizləşdirəcək. Dağların altında yerləşən texnika və hərbi qüvvənin sayını dəqiq bilmədiklərinə görə yenidən uğursuzluğa düçar ola bilərlər. Ümumiyyətlə, İran asimmetrik müharibənin ustasıdır. Ölkənin dron və raket sistemlərindən peşəkarcasına istifadə edən mütəxəssisləri var”. 

Politoloq onu da qeyd edib ki, İsrailin münaqişəyə qoşulması İranın cavab zərbələrini birbaşa bu ölkəyə yönəldəcək:

"Onları müharibəyə qoşulmaqdan çəkindirən məhz budur. İranın arsenalında İsrail ərazisini hədəf almaq imkanına malik kifayət qədər hipersonik raket qurğusu var. İsrailin müharibəyə qoşulmağı Trampın əl-qolunu bağlayır. Coğrafi baxımdan İrana yaxın olan İsrail əsas hədəf meydanına çevrilir. Bu da ABŞ-ni atəşkəsə yönəlməyə məcbur edəcək. Ümumiyyətlə, Ukrayna-Rusiya və ABŞ-İran savaşlarını yeni dünya nizamının qurulması üçün işə salınmış əsas alətlər kimi görürəm. Bu proses başa çatana qədər regional və qlobal savaşların baş verməsi qaçılmazdır”.