Almaniya Bakı ilə əməkdaşlığı genişləndirməkdə qərarlıdır - ŞƏRH

  • Avropanın yolu Azərbaycandan keçir, yeni investisiya dalğasının anonsu verildi

“Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin əsas prioritetləri həm ənənəvi enerji sahəsini, həm də yeni geoiqtisadi reallıqların diktə etdiyi logistika və yaşıl texnologiyalar kimi sahələri əhatə edir. Almaniya üçün enerji mənbələrinin diversifikasiyası strateji prioritetdir. Azərbaycan qazının Almaniya bazarına daxil olması münasibətlərdə yeni mərhələ açıb. Xüsusilə SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi bu sahədəki əsas sütunlardan biridir”. 

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini şərh edərkən bildirib:  

“Azərbaycanın Avropaya qaz ixracının 2027-ci ilədək ən azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bundan başqa, Almaniya ilə qurulan bu əməkdaşlıq artıq yalnız ənənəvi karbohidrogen ixracı ilə məhdudlaşmır, bura həm də yaşıl enerji və rəqəmsal bağlantıları əhatə edən kompleks strateji tərəfdaşlıq daxildir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində, alman şirkətləri ilə yüksək texnologiyaların tətbiqi və yaşıl enerji sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunur. Alman investorları və şirkətləri öz texnoloji təcrübələrini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə, xüsusilə də "yaşıl enerji" layihələrinə inteqrasiya etməkdə maraqlıdırlar”. 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyanın aparıcı sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, yaşıl enerji və yüksək texnologiyalar sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır: 

“2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində, bərpaolunan enerji sahəsində yeni imkanların yaradılması və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Beləliklə, iqtisadi dialoqun mühüm hissəsini yaşıl enerji, bərpaolunan enerji mənbələri və yüksək texnologiyalar sahəsində əməkdaşlıq təşkil edir. Bu sahədə alman şirkətlərinin texnoloji təcrübəsi ilə Azərbaycanın resurslarının birləşdirilməsi nəzərdə tutulur. Almaniya sənayesi üçün Orta Dəhliz, Mərkəzi Asiya bazarlarına çıxış və kritik xammal tədarükünün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

P. Vəliyeva onu da qeyd edib ki, Azərbaycan bu dəhlizin mərkəzi logistika qovşağı və Avropanın "Global Gateway" strategiyasında mühüm tərəfdaş kimi çıxış edir:

“"Deutsche Bank", "Siemens", "Thyssen" və "Mercedes-Benz" kimi sənaye nəhəngləri ilə hələ 1990-cı illərdən başlayan əməkdaşlıq ənənəsi bu gün sənaye kooperasiyasının genişləndirilməsi ilə davam edir. Ümumilikdə, Berlin Bakını regional sabitlik və qlobal layihələrdə əvəzedilməz tərəfdaş və Avropa ilə Asiya arasında strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq dəyərləndirir. Prezident İlham Əliyevin Almaniyaya səfərləri zamanı, aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirilən görüşlərdə investisiya potensialının təqdim olunması əsas müzakirə mövzularından biri olur. Hazırda iqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin ölkəmizdə layihələrə cəlb olunması, Azərbaycan-Almaniya strateji tərəfdaşlığının real miqyasını əks etdirir”.