Analitik Qaub: ABŞ-ın İranda quru əməliyyatı uğursuzluqla nəticələnəcək

Əgər ABŞ İranda quru əməliyyata başlasa, bu, uğursuzluqla nəticələnəcək.

Sherg.az xəbər verir ki, bu fikri NATO-nun Tədqiqat Mərkəzinin rəhbəri Florens Qaub səsləndirib.

O qeyd edib ki, belə bir vəziyyətdə mülki obyektlər də təhlükə altına düşə bilər.

“Çox vaxt bir məqam düzgün qiymətləndirilmir: müəyyən anda bombalana biləcək legitim hərbi hədəflər tükənir. Məncə, ABŞ artıq buna çox yaxındır. Bəs tapşırıqları yerinə yetirmək üçün sonra nəyi dağıtmaq lazımdır? Bu zaman avtomatik olaraq mülki hədəflər barədə düşünməyə başlayırsan və həmin an vəziyyət həqiqətən dəhşətli olur”, - deyə Qaub Handelsblatt nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu cür çağırışlar artıq İsraildə də eşidilir.

“Artıq səslər eşidilir, xüsusilə İsraildə: gəlin bunu edək deyənlər var”, - deyə o əlavə edib.

Qaub bildirib ki, İrandakı münaqişə geniş dəstək qazanmır.

Hazırda ABŞ və İsrail hərbçiləri İran ərazisinə hava zərbələri endirir. İran isə cavab əməliyyatına başlayıb. SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) İsrailə və ABŞ-ın hərbi bazalarına qarşı "ən güclü hücum əməliyyatı” həyata keçirdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp əvvəllər İranda quru qoşunlarının istifadəsini məqsədəuyğun hesab etmədiyini desə də, daha sonra "Time" jurnalına müsahibəsində belə bir əməliyyat ehtimalını istisna etməyib.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin İranda bir neçə həftə davam edə biləcək quru əməliyyatı hazırladığı bildirilmişdi.