Asəf Quliyev: Sülh prosesinin sürətli getdiyi iddiaları reallığı əks etdirmir

"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti hələ sülh quruculuğuna hazır deyil"

Ermənistanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək. Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.  

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir, onların arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlyas Hüseynov, Fuad Ağamalıyev var. Ermənistan tərəfindən dəyirmi masada qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Azərbaycandan nümayəndə heyətinin ilk dəfə quru yolu ilə Ermənistana səfəri və “Sülh Körpüsü” müzakirəsində iştirakı geniş müzakirələrə səbəb olub. Bu səfərlə bağlı ictimaiyyətin fikirləri birmənalı deyil: bir qrup insanlar sülh prosesinin sürətlə irəliləməsini müsbət addım hesab edir, digərləri isə Ermənistanın hələ də səmimi olmadığını və gələcəkdə ərazi iddialarını və “Artsax” məsələsini yenidən gündəmə gətirə biləcəyini ehtimal edirlər. Bu kəsim narahatdır ki, ölkə ağır vəziyyətdən çıxandan sonra yenidən ərazi iddiaları qaldıracaq. Bu cür müxtəlif yanaşmalar sülh prosesinin perspektivləri barədə cəmiyyətdə maraq və müzakirələri artırır.

Jurnalistlərə Hüquqi və texniki Yardım İctimai Birlyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında sülh prosesinin sürətli getməsi ilə bağlı səsləndirilən iddialarla razı olmadığını deyib. İki ölkənin vətəndaş cəmiyyəti arasında sülh quruculuğu müzakirələrinin indi başlamadığını xatırladan A. Quliyev 2010-cu ildən bu prosessə özünün də qoşulduğunu xatırladıb:

“Əvvəllər də bu cür danışıqlar aparılıb. Sadəcə o zaman bu işləri aparanlara münasibət fərqli idi. İndi isə siyasi qərar var və Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü iki ölkə arasında sülh prosesinin tərkib hissəsidir. Bu lazımlı bir işdir. Başqa məsələdir ki, belə dəyirmi masada iştirak edənlər nə dərəcədə hazırlıqlıdır. Əlbəttə ki, Azərbaycan nümayəndə heyətinin içərisində hazırlıqlı və peşəkar insanlar var. Və bu sevindiricidir”.

A. Quliyev qeyd edib ki, erməni tərəfinin səmimi olmaması, ağır vəziyyətdən çaxandan sonra yenidən iddialarla çıxış edəcəyi kimi skeptik yanaşmalar məncə bu günə qədər baş verənlərin, illərlə formalaşmış stereotiplərin təsiridir:

”Bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin ortaya qoyduğu strateji baxış sülh prosesinin dönməz xarakter almasıdır. Bu isə skeptik yanaşmaların yumşaq desək düz olmadığın göstərir. Bu məsələdə zərərli təsir edən amillərdən biri də “sülh quruculuğunun” nəyi ehtiva etdiyini Azərbaycan cəmiyyətinin sona qədər anlaya bilməməyidir. Və yaxud da anlamaq istəməməsidir. Sülh – iki qonşu dövlətin yanaşı yaşayışının şərtlərinin toplusudur. Sülh - “Qardaş olub Haystan-Azərbaycan” demək deyil. Yaxşı olardı bu gün bu işə məsul strukturlar bu sahədə müəyyən izahat xarakterli təbliğat işi aparsınlar ki, cəmiyyətdə yanlış təsəvvür yaranmasın”.