Avropa İttifaqının geosiyasi maraqları ön plandadır - Gürcüstan bunu anlayır - ANALİTİK

Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasın “Rusiya uzunmüddətli sülh üçün öz qoşunlarını Gürcüstanın bütün işğal olunmuş ərazilərindən çıxarmalıdır” açıqlamasına münasibət bildirib:

“Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndiririk və bu dəstək daha konkret forma alsa, daha xoş olardı. Avropa İttifaqı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəndə, bunu yalnız alqışlayırıq. Konkret avropalı məmuru tənqid etməli olduğumuz yerdə tənqid edirik, təşəkkür edə biləcəyimiz yerdə isə təşəkkür edirik. Bu, avropalı siyasətçilərə minnətdarlıq ifadə edə biləcəyimiz haldır. Harada minnətdarlıq haqq edirlərsə, orada təşəkkür edəcəyik, harada tənqid haqq edirlərsə, orada tənqidimizi bildirəcəyik” - deyə Kobaxidze bildirib.

Politoloq Turab Rzayev Kobaxidzenin açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki, rəsmi Tbilisi Avropa İttifaqının Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi ilə, Avropa İttifaqının ölkə daxilində müxalifətə və etirazçılara verdiyi dəstəyi, yaxud hakimiyyətin qərarlarına müdaxilə kimi qiymətləndirilən addımları eyni müstəvidə görmür:

“Avropa İttifaqının mövqeyi həmişə eyni olub və burada ciddi dəyişiklik müşahidə edilmir. Aydın məsələdir ki, Avropa İttifaqı buarada Gürcüstanın maraqları üçün deyil, öz geosiyasi maraqları çərçivəsində mövqe ortaya qoyur. Gürcüstan rəhbərliyi də bunu anlayır.

Bu səbəbdən Gürcüstan hakimiyyəti bir tərəfdən Avropa İttifaqına ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edir və minnətdarlığını bildirir. Digər tərəfdən isə açıq şəkildə bəyan edir ki, Avropa İttifaqının digər məsələlərdəki mövqeyini tənqid edə bilər.

Yəni rəsmi Tbilisi Avropa İttifaqının Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi ilə, Avropa İttifaqının ölkə daxilində müxalifətə və etirazçılara verdiyi dəstəyi, yaxud hakimiyyətin qərarlarına müdaxilə kimi qiymətləndirilən addımları eyni müstəvidə görmür. Gürcüstan hakimiyyəti çalışır ki, bu məsələlər ayrı-ayrı mövzular kimi qiymətləndirilsin.

Əgər Avropa İttifaqı Gürcüstanda daxili siyasi proseslərdə hər hansı tərəfə açıq dəstək verərsə və ya hakimiyyətə qarşı mövqe nümayiş etdirərsə, rəsmi Tbilisi buna etirazını bildirəcəyini açıq şəkildə ifadə edir”.

Ekspert əlavə edib ki, Rusiya bu məsələyə yəqin ki, səssiz qalacaq:

“Gürcüstan daxilində isə müxalif qüvvələr və etirazçılar əsasən Rusiyayla münasibətlərin normallaşmasına qarşı çıxırlar. Onlar Moskva ilə daha sərt və məsafəli münasibətlərin saxlanmasını istəyirlər.

Bu baxımdan, Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdlərinin Avropa İttifaqı tərəfindən birmənalı qəbul olunacağı sual altındadır”.