Avropanın zəiflədiyini iddia etmək səfeh bir beynin məhsuludur - POLİTOLOQ

Almaniyadan qoşunların çıxarılması birbaşa ABŞ-nin özünə ziyan vuracaq

ABŞ-nin İrana qarşı başlatdığı müharibə NATO daxilində hökm sürən fikir ayrılıqlarını daha qabarıq hala gətirib. Almaniya kansleri Fridrix Merts ABŞ-nin İranla bağlı taktikasının uğursuz olduğunu bəyan edərək, Berlin ilə Vaşinqton arasındakı münasibətlərin kəskinləşməsinə səbəb olub.

ABŞ prezidenti Donald Tramp bu açıqlamadan sonra Mertsi "səmərəsiz" lider adlandırdı. Dünya ictimaiyyəti liderlərin söz savaşına alışıb. Lakin birdən-birə ABŞ-nin Almaniyadan 5000 hərbçini çıxaracağına dair qərar qəbul etməsi, Avropa dairələrində təəccüblə qarşılandı. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bu qərarın onlar üçün sürpriz olduğunu açıqlayıb. Proseslərə şübhə ilə yanaşmağa əsas verən məqamlardan biri də ABŞ-nin gözlənilməz qərarından sonra Almaniyanın potensial müharibə üçün infrastrukturu gücləndirməyə başlamasıdır. Müdafiə naziri Boris Pistorius Avropanın təhlükəsizliyinin qorunması məqsədilə müdafiə satınalmalarını sürətləndirdiyini açıqlayıb. Şok effekti doğuran hadisələrin ardıcıl şəkildə baş verməsi yeni müharibənin başlayacağına dair təsəvvürləri gücləndirib.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, dünya təhlükəsizlik sisteminin qurulması prosesində ABŞ prezidenti kimi zəif siyasətçilər Avropasız heç nəyə nail ola bilməzlər:

“Avropanın zəiflədiyini iddia etmək səfeh bir beynin məhsuludur. Avropa həm təhlükəsizliyin möhkəmləndirilməsi, həm də beynəlxalq münasibətlərdə yeni təfəkkürün formalaşması üçün əlindən gələni əsirgəmir. Amerikanın Almaniyadan qoşunlarının yarısını çıxarması çox ciddi məsələdir. ABŞ-nin təhlükəsizliyi ilə əlaqədar olan bu addım yalnız Prezidentin qərarı ilə deyil, eyni zamanda Konqres və Senatın təsdiqi hesabına qəbul edilməlidir”.

Politoloqun sözlərinə görə Almaniyadan qoşunların çıxarılması birbaşa ABŞ-nin özünə ziyan vuracaq:

“ABŞ Avropanın təhlükəsizlik arxitekturasında mühüm rol oynasa da, Trampın NATO müttəfiqlərindən fərqli mövqe sərgiləməsi, alyans daxilində fikir ayrılıqlarına və koordinasiya çətinliklərinə səbəb olur. Məsələn NATO-nun fəaliyyətinə zidd olaraq, Ukraynanın Rusiya qarşısında aciz olması üçün hər cür vasitəyə əl atır. Tramp Almaniyadan qoşunlarını çıxarmaqla bir növ, alyansa üzv ölkələri rəncidə etməyə çalışır. Lakin unutmaq olmaz ki, NATO-nun arxasında Almaniya, Böyük Britaniya və Fransa kimi qüdrətli dövlətlər dayanır”. 

Analitikin fikrincə, Respublikaçılar partiyası qarşıdan gələn payız aralıq seçkilərində demokratlara məğlub olacaqlar: 

“Prezidentin impiçment prosesi Nümayəndələr Palatasının təşəbbüsü ilə başlayaraq toplanın səs çoxluğuna əsasən Senatın yekun qərarı ilə tamamlanacaq. Bununla da Trampın qara günləri başlayacaq. ABŞ-nin siyasi kursunda ciddi dəyişikliklərin bünövrəsi qoyula bilər. Almaniyanın kansleri Fridrix Merts nizamlı və mühafizəkar siyasi xəttin aparıcı nümayəndələrindən biridir”.  

Q.Hüseynli qeyd edib ki, Almaniya kansleri Rusiyanın niyyəti barədə tam təsəvvürə malikdir:

“Ona görə də dərhal müdafiə xərcləri 5% ÜDM səviyyəsinə qaldırıb. Almaniya hazırda Avropanın ən nəhəng ölkəsinə çevrilib. Onun NATO daxilində ABŞ-nin köməyinə ehtiyacı yoxdur. Berlin texnoloji imkanlara görə Yaponiya və ABŞ-ni qabaqlayır. Almaniya və Böyük Britaniya Rusiyanın keçmiş imperiya mövqelərinin həsrəti ilə yaşayan bir ölkə olduğunu yaxşı anlayır. V.Putin əvvəllər SSRİ-nin tərkibində olmuş Şərqi Avropa ölkələrinə göz dikib”. 

Politoloqun qənaətinə görə Rusiyanın qarşısı vaxtında alınmasa, gələcəkdə təhlükə mənbəyinə çevriləcək:

“Əslində bəzi Avropa ölkələri Ukraynaya dəstək verməklə, Rusiya ilə dolayı şəkildə qarşıdurmada iştirak edirlər. Hazırda bütün diqqətlər Ukraynanın Rusiya üzərində qələbəsinin təmin olunmasına yönəlib. Əgər Kiyev Moskva üzərində qələbə qazanarsa, ölkənin tərkibinə daxil olan 22 respublika müstəqillik uğrunda mübarizə aparacaq. Bununla da Rusiyanın “əyalət”ə çevrildiyinə şahid olacağıq. Bu mərhələdə Moskvanın ipini çəkənlərdən biri də Avropa olacaq”.