Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH

  • Zaur Məmmədov: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq mövqeyini yeni mərhələyə yüksəldib”

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, həm də ölkədə formalaşmış ictimai-siyasi münasibətlərin, dövlətçilik düşüncəsinin və xalq-hakimiyyət birliyinin real ifadəsi kimi qiymətləndirilir.

Siyasi ekspertlərin fikrincə, respondentlərin böyük əksəriyyətinin dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirməsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi ardıcıl, praqmatik və milli maraqlara əsaslanan siyasətdir. Qeyd olunur ki, Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, beynəlxalq müstəvidə müstəqil və prinsipial mövqeyi ilə seçilməsi cəmiyyətdə hakimiyyətə inamı gücləndirən əsas amillərdəndir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, qlobal səviyyədə də öz sözünü deyən, mühüm beynəlxalq layihələrdə iştirak edən və strateji qərarların qəbulunda mövqeyi nəzərə alınan ölkə kimi çıxış edir.

Hesab edirlər ki, Prezident İlham Əliyevin milli maraqları qətiyyətlə müdafiə etməsi, xarici siyasətdə balanslı və uzaqgörən xətt yürütməsi də ictimai dəstəyin formalaşmasında mühüm rol oynayır. Xüsusilə dünyada geosiyasi qarşıdurmaların, müharibələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması vətəndaşların dövlətə etimadını daha da artırır.

Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasətə diqqət çəkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a bildirib ki, son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl şəkildə möhkəmləndirərək regional çərçivəni aşan və qlobal proseslərə təsir imkanları artan etibarlı tərəfdaşlardan birinə çevrilib.

Politoloqun sözlərinə görə, bu uğurun əsasında Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursu, eləcə də Azərbaycanın milli maraqlara əsaslanan balanslı diplomatik fəaliyyəti dayanır: “Dövlət başçısının beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və təşəbbüslər Azərbaycanın dünya siyasətində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunması və qlobal təşəbbüslərdə mühüm rol oynaması ölkənin xarici siyasətinin uğurlarını aydın şəkildə nümayiş etdirir. Heç kəsdə şübhə olmasın ki, Azərbaycan dövləti bu gün dünyada sözünü deyən, beynəlxalq münasibətlər sistemində önəmli yer tutan oturuşmuş dövlətdir. Azərbaycanın 2025-ci ildə beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürülmüş bütün namizədlikləri uğur qazanmış, 14 namizədliyin hər biri üzrə tam qələbə təmin edilib. Və ya 2026-cı ilin yalnız iyun ayında ölkəmizin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə etməsi, əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunması Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaradıb. Sözsüz ki, qazanılan mandatlar Azərbaycanın milli maraqlarının çoxtərəfli platformalarda daha effektiv təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarında ardıcıl uğurlar əldə etməsi politologiyada "orta güc" (middle power) diplomatiyası, yumşaq güc (soft power) və çoxtərəflilik (multilateralism) nəzəriyyələri çərçivəsində qiymətləndirilə bilər. Coğrafi baxımdan böyük dövlət olmasa da, Azərbaycan fəal diplomatiya və beynəlxalq təşəbbüslər vasitəsilə qlobal idarəetmə institutlarında təsir imkanlarını genişləndirə bilib. Beynəlxalq təşkilatlarda əldə olunan yüksək etimad və seçki uğurları ölkənin beynəlxalq legitimliyinin, etibarlı tərəfdaş imicinin və diplomatik kapitalının gücləndiyini göstərir. Bu tendensiya Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha səmərəli müdafiəsinə, qlobal qərarqəbuletmə proseslərində rolunun artmasına və beynəlxalq münasibətlər sistemində nüfuzunun möhkəmlənməsinə xidmət edən mühüm siyasi-diplomatik göstəricidir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Ölkəmizin beynəlxalq təşkilatlarda qazandığı etimad, qlobal təşəbbüslərdə fəal iştirakı və diplomatik uğurları Azərbaycanın dünya siyasətində etibarlı, məsuliyyətli və nüfuzlu dövlət kimi qəbul olunduğunu təsdiq edir. Bu uğurlar milli maraqların qorunmasına, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və qlobal proseslərdə rolunun daha da artmasına möhkəm zəmin yaradır”.