
Azərbaycan-Çin əlaqələri sürət alır - TƏHLİL
Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi qlobal tranzit mərkəzinə çevirir
Azərbaycan həm də regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” Zirvə toplantısında iştirakı və Çində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə təmsil olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Çin dünya siyasətində və iqtisadiyyatında aparıcı rol oynayan dövlətlərdən biridir. Azərbaycanın strateji coğrafi mövqeyi, tranzit və investisiya imkanları, həmçinin etibarlı iqtisadi mühiti Çin üçün əməkdaşlıq perspektivlərini daha da artırır. Bu qarşılıqlı maraq və etimad üzərində qurulan münasibətlər, hər iki tərəf üçün uzunmüddətli strateji üstünlük deməkdir.
Prezident İlham Əliyev hər zaman Çinlə əməkdaşlığın gücləndirilməsinə önəm verib, bunun ölkəmizin qlobal mövqeyini möhkəmləndirdiyini vurğulayıb.
Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur. Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq. Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. A. Əsədovun sözlərinə görə, Prezidentin son bir ildə Çinə bir neçə dəfə səfər etməsi Azərbaycanın regionda artan nüfuzunun və qlobal miqyasda siyasi-iqtisadi proseslərdə fəal iştirakının bariz göstəricisidir:
“Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edib. Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, müxtəlif sahələrdə - siyasət, ticarət, təhsil, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla - əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunması, həmçinin beynəlxalq arenada yeni əməkdaşlıq düzəninin qurulması olan ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60 faizini, dünya əhalisinin 40 faizini, dünya üzrə ümumi məhsulun isə 25 faizini özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır. Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və 2024-cü ildə bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün rəsmi müraciət edib. Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ölkənin ŞƏT-lə münasibətlərinə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilmiş sammitdə Prezident İlham Əliyev çıxış edərək qeyd etmişdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra regionda nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycanın bu sahədə təşəbbüsləri Şərq-Qərb və Şimal-Cənub layihələrinin gerçəkləşməsində mühüm rol oynayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyəti 15 milyon ton təşkil edir və bu göstərici 25 milyon tona qədər artırıla bilər. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolları çəkilib. Azərbaycan həm də regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir və hazırda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə müasir standartlara cavab verən 3 yeni hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm addımlar atılır və Azərbaycan bu məsələdə öhdəliklərini vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu dəhliz həm Azərbaycanın, həm də region ölkələrinin nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq”.
A.Əsədovun sözlərinə görə, Azərbaycan əməkdaşlıq ruhunu ön plana çəkərək ŞƏT ölkələri ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. O qeyd edib ki, bu əməkdaşlıq üzv ölkələr üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirmək, eləcə də Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən faydalanmaq baxımından yeni imkanlar yaradır:
“Azərbaycan artıq bir çox üzv ölkələrlə, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla yüksək səviyyəli ikitərəfli münasibətlərə malikdir. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın ŞƏT-lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanlarının yaranması, xarici investisiyaların cəlb edilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşlarının artırılması, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrə beynəlxalq səviyyədə dəstəyin artması, Avrasiya və Qərb arasında balanslı siyasətin daha da güclənməsinə xidmət edir”.