- Bakının balanslı siyasəti Avropanın diqqətini cəlb edir
Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti Avropa ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından mühüm platforma olub. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyi və Avropa ilə əməkdaşlıq perspektivləri yenidən diqqət mərkəzinə gəlib.
Azərbaycanın xarici siyasət prioritetləri və sammitin ölkəmiz üçün əhəmiyyəti ilə bağlı politoloq Fikrət Sadıqov Sherg.az-a danışıb:

"Avropa Siyasi Birliyinin (ASB) 9-cu sammiti çərçivəsində dövlət başçımızın bir sıra Avropa ölkələrinin liderləri ilə görüşləri Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyinin və xarici siyasət kursunun yüksək qiymətləndirildiyini göstərir. Bu görüşlər Azərbaycanın Avropanın təhlükəsizliyinin, xüsusilə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, Cənubi Qafqazın aparıcı aktoru və dünya siyasətində əhəmiyyətli mövqeyə malik ölkə kimi qəbul edildiyini təsdiqləyir.
Dünyada baş verən münaqişələr fonunda Azərbaycanın tutduğu mövqe və həyata keçirdiyi siyasət də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan təcavüzkar dövlətlərin adını çəkməkdən çəkinmir, işğala məruz qalmış ölkələrə həm enerji, həm də humanitar sahələrdə dəstək göstərir.
Eyni zamanda, Azərbaycan heç bir hərbi bloka qoşulmaq niyyətində deyil. Bu siyasət ölkəmizə həm Qərb, həm də Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa, hərbi-siyasi qarşıdurmalarda tərəf olmadan müstəqil xarici siyasət yürütməyə imkan verir. Azərbaycanın bu balanslı siyasətini Avropa liderləri də müsbət qarşılayırlar".
Analitik digər mühüm məqama- Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına da diqqət çəkib:
"Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın baş naziri arasında keçirilən görüş çərçivəsində imzalanıb. Bu, hər iki dövlətin maraqlarına cavab verən mühüm diplomatik nailiyyətdir. Həmçinin, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoya bilər.
Sammit çərçivəsində baş tutan görüşlər bir daha göstərdi ki, Azərbaycanla hesablaşırlar, ölkəmizin xarici siyasətini yüksək qiymətləndirirlər və onunla gələcək əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Bu baxımdan, Azərbaycanın sammitdə iştirakı ölkəmizin beynəlxalq mövqeyinin və diplomatik nüfuzunun göstəricisidir".